Xəbərlər
Pərvin Kərimzadə: Tarixi Qələbə dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi
44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətinin bütün dünyaya nümayişi oldu. Ölkə Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida" şüarı, qələbəyə səsləyən lider çağırışı kimi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xalqımızın, cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafinda sıx birləşərək böyük Qələbəni reallığa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi.
Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, müzəffər ordumuzun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, illərdir düyününün açılması müşgülə çevrilən Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi hazırda dünya siyasətçilərinin, içtimaiyyətinin diqqətinin yönəldiyi məsələlərdəndir. Axı, Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğuru həm də regonda sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Məhz bunun üçün də dekabrın 18-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə, Ermənistan baş nazirindən başqa MDB-yə daxil olan bütün dövlətlərin başçılarının iştirakı ilə təşkil olunmuş videokonfrans formatında sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı dünya ictimaiyyəti, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları tərəfindən diqqətlə izlənib və qələbə nitqi kimi qiymətləndirib.
Rusiyanın aparıcı nəşrlərindən olan “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov ali tədbirə həsr olunmuş məqaləsində yazır: Azərbaycan Prezidenti sammitdə ilk çıxışçı idi. Onun bir saat davam edən, demək olar, bütövlükdə Azərbaycan xalqının düşmənlə mübarizəsinə və düşmən üzərində qəti qələbəsinə həsr olunmuş nitqinin məğzi belə idi: “Biz Ermənistanı məğlub etdiyimiz kimi, koronavirusa da qalib gələcəyik”.
Prezident İlham Əliyevin nitqində Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 il ərzində dünya birliyini aldatdığını, bir santimetr də olsun torpaq qaytarılmayacağı barədə bəyanatları, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasını, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə, yeni heç bir töhfə verməyə qadir olmadığını qeyd etdiyini bildirən rusiyalı müxbir məqaləsində Azərbaycanın dövlət başçısının rahat və inamla danışdığını diqqətə çatdırır: “Onun nitqində bir kəlmə də olsun artıq söz yox idi, dəqiq formalaşdırdığı fikirləri, heç şübhəsiz, Azərbaycan PUA-ları erməni tanklarını vurduğu kimi, birbaşa hədəfə dəyirdi”.
Andrey Kolesnikov Prezident İlham Əliyevin “Ermənistanın hərbi-siyasi rəhbərliyinin belə bir bəyanatı da olmuşdu ki, bizi qorxutmağa çalışırdılar, əgər Azərbaycan, necə deyərlər, münaqişənin nizamlanmasına dair öz mövqeyində bundan sonra da israr edərsə, tezliklə erməni tankları Bakının küçələrində olacaq. Nəticədə belə də oldu, amma erməni tankları bizim küçələrdə dekabrın 10-da Azərbaycanın bu müharibədə Zəfərinə həsr edilmiş hərbi paradda hərbi qənimətlər kimi göründü” sözlərini xüsusi ilə məqaləsində qeyd edib.
Azərbaycan Prezidentinin İkinci Qarabağ müharibəsi dövründə düşmən tapdağı altından azad edilən şəhər və rayonların adlarını sadaladığını, noyabrın 8-də qədim Azərbaycan şəhəri, Qafqazın incisi Şuşanın işğalına son qoyulması ilə hərbi əməliyyatların başa çatdığını söylədiyini qeyd edən jurnalist dövlət başçımızın “darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur” sözlərini də sitat gətirib.
Bəli, qalib Azərbaycanı xalq-lider birliyinin44 günlük savaş meydanında əldə etdiyi tarixi qələbənin ardınca ölkəmizi daha böyük gələcək, daha firəvan həyat gözləyir. Müharibəni zəfərlə, qələbə ilə başa vuran Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə həyatın bərpa olunması, kommunikasiyaların qurulması istiqamətində ciddi addımlar atır. İşğalçı, faşist ideologiyasından qaynaqlanan Ermənistanda isə siyasi qüvvələr hələ də məğlubiyyətin acışını meydanlarda müzakirə edir, səbəblərini araşdırır və bir-birini ittiham edirlər. Anlamaq belə istəmirlər ki, mövcud vəziyyətdən yeganə çıxış yolu işğalçılıq ambisiyalarına son qoymaq, haqq,ədalət qarşısındakı məğlubiyyətləri ilə barışmaqlarıdır.