Xəbərlər
Azərbaycan sübüt etdi ki, o həm güclü, həm də haqlıdır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri
Yaratdığımız yeni reallıqlar fonunda regionda hər gün yenilliklərlə qarşılaşırıq. Əlbəttə, bütün hallarda hər nə baş verirsə versin, biz qalibik və qüdrətimizin sərhədsiz olduğunu həm döyüş meydanında, həm də diplomatik sferada cənab Prezidentin fövqündə görürük. İndi artıq həm region, həm də dünyada söz sahibi ölkələr Azərbaycanı Ermənistanla səhf salmaq kimi böyük axmaqlıq edə bilməyəcəklərini bilirlər. Azərbaycan döyüş meydanında qazandığı tarixi qələbə, daha sonra isə sülhsevər, əməkdaşlığa meyilli mövqeyi ilə müasir dünya qaydalarını bildiyini və ölkəsinin inkişafını məhz bu kontekstdə qurduğunu isbat etdi. Əgər müasir dünya hüququn gücü deyil, gücün hüququ prinsipi ilə bir çox məsələyə yanaşırsa, Azərbaycan sübut etdi ki, o həm güclü, həm də haqlıdır.
10 dekabr 2020-ci il tarixdə şanlı qələbəmizdən düz bir ay sonra Bakının mərkəzi meydanında hərbi paradın keçirilməsi oduqca tarixi hadisə idi. Qalib, zəfər çalmış Azərbaycan dövlətinin, dövlət başçısının və ordusunun belə bir şanlı parad keçirməyə mənəvi haqqı çatır. Bu parad münasibəti ilə başda Ali Baş Komandan möhtərəm İlham Əliyev olmaqla hər birinizi təbrik edirəm. Azərbaycan xalqının otuz illik həsrəti qüdrətli ordumuzun rəşadəti sayəsində cəmi 44 gün ərzində sona yetmişdir. Artıq biz otuz il ərzində hər gün eşidiyimiz Dağlıq Qarabağ problemini termin kimi öz leksikonumuzda daha işlətmirik. Bu problem, bu münaqişə bitmişdir. Bu həm güclü daxili siyasətin, həm məqsədyönümlü diplomatik əlaqələrin, həm də hərbi sahədə böyük inkişafın təcəssümüdür. Münaqişə bitib, vətənimizin inkişafı üçün mübarizəmiz isə bundan sonra da davam edəcəkdir.
10 dekabr hərbi paradı digər paradlardan bir çox parametrləri isə seçilirdi. Birincisi, bu, zəfər paradıdır və tarixdə çox az xalqa belə bir parad, hərbi göstəri keçirmək qismət olmuşdur. İkincisi, paradda cüzi bir hissəsi də olsa düşməndən hərbi qənimət kimi götürülmüş, işlək vəziyyətdə olan və qiymətləri milyonlarla ölçülən hərbi texnikalar nümayiş olundu. Daha bir maraqlı məqam isə Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan və şəhid olmuş 2783 hərbiçimizi mənəvi cəhətdən əvəz etmək üçün 2783 hərbiçi ilə türk ordusunun təmsil olunmasıdır. Paradda cənab Ərdoğanın bizim üçün əhəmiyyətli məqamlara toxunması, onlardan stat gətirməsi hər bir azərbaycanlının könlünü oxşadı. Xarıbülbülün azadlıq rəzmi kimi ifadəsi, ay Laçın, can Laçın sözləri ilə Azərbaycanın hər qarışının Ərdoğan və türk qardaşlarımız üçün də vətən olmasının ifadəsi bu paradı digərlərindən fərqləndirən amillər idi. Prezidentlərin arxasında Azərbaycan dövlət bayrağı ilə yanaşı Türkiyənin də dövlət bayrağının nümayişi bu paradın xüsusi cəhətlərindən yalnız biri idi. İstər paradda, istərsə də paraddan sonra ortaq toplantıların keçirilməsi, qardaşlıq əlamətlərinin nümayiş olunması dosta da, düşmənə də xeyirdə də, şərdə də birliyimizə, bərabərliyimizə bariz sübut idi. Hətta Türkiyə ilə Azərbaycan arasında vizasız rejimdən sonra pasportsuz rejimə keçilməsi ilə bağlı addımların atılmasının məhz bu dövrə təsadüf etməsi də əhəmiyyətli hadisə idi.
2016-cı ildən bugünə qədər keçirilmiş uğurlu hərbi əməliyyatlar və işğaldan azad olunmuş torpaqlar Azərbaycan ordusunun qüdrətini bəyan edirdi. Lakin Vətən Müharibəsi ordumuzun 5-ci nəsil hərbi texnikalardan və cəsarətli, vətənpərvər “ürəklərdən” təşkil olunduğunu dünyaya göstərdi. Qəhrəmanlarımızın Şuşanın qayalarında yazdığı dastan, Füzuli-Cəbrayıl düzlərində keçdiyi istehkamlar hələ uzun müddət hərb tarixi kitablarında yaşayacaqdır. Biz, hər birimiz öz şanlı vətən ordusu ilə qürur duyuruq. Hər dəfə cənab Prezident qəhrəmanlarımızı xüsusi qeyd edir və onları qiymətləndirir. Müharibdən sonra ali hərbi rütbələrin verilməsi, “ Milli Qəhrəman, Zəfər, Qarabağ” kimi orden və medalların təqdim olunması, şəhid ailələrinin və qazilərin sosial problemlərinin dövlət tərəfindən təminatı ilə yanaşı ictimai və milli birliyi təmin etmək üçün “YAŞAT” fondunun yaradılması Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyinin və qayğısının bariz nümunəsidir.
Cənab Prezident verdiyi sözlərə sadiq adamdır. Möhtərəm İlham Əliyev qətiyyətli, hazırlıqlı və milli maraqlara xidmət edən böyük bir ənənənin daşıyıcısı, “Yeni Azərbaycan” məfkurəsinin ən layiqli nümayəndəsidir. Cənab Prezident dəfələrlə demişdir ki, ona və dövlətimizə qarşı ciddi təhdidlər, təyziqlər vardır. 44 günlük vətən müharibəsi dövründə bu təzyiqlər ən yüksək səviyyədə davam etsə də, cənab Prezident arxasında xalq dəstəyi, güvəni ilə bütün təzyiqlərə sinə gərmiş və müdrik xalqımızla birgə bu təhdidlərin qarşısını ala bilmişdir.
2003-cü ildə Ulu Öndər Heydər Əliyevdən sonra prezident seçilərkən Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyi, qoruyacağı ilə bağlı söz vermiş, and içmişdir. Şuşada qaldırılan dövlət bayrağımız Qarabağ xanı Pənahəli xan Çavanşirin nəslindən olan general-mayor Zaur Məmmədovun başı üzərində meydana daxil olanda bütün dünya 2018-ci ildə cənab Prezidentin verdiyi başqa bir sözün də həyata keçməsinə şahidlik etdi. O demişdir ki, işğalda olan torpaqlarda dalğalanan bayraqlarımız Azadlıq meydanında nümayiş olunacaqdır. Budur, bu da isbatı.
Əlbəttə, bugün əldə etdiyimiz qələbələr bir gündə əldə olunmamışdır. Biz haqlı idik və haqlıyıq. Lakin dünya təəssüf ki, haqlıların deyil, güclülərin dünyasıdır. Biz “20 yanvar” hadisələri zamanında da, Xocalı faciəsi baş verəndə də haqlı idik. Biz haqlı ola-ola 20 faiz torpaqlarımızı itirmişdik. Lakin yorulmadan çalışdıq. Ulu Öndər Heydər Əliyev vaxtı ilə əlində göstərici dünya liderlərinə Azərbaycan xəritəsi üzərində Qarabağ problemini tanıtmasa idi, ərazi bütövlüyü məsələsini aktuallaşdırmasa idi, qondarma “Dağlıq Qarabağ Respublikasının” hətta Ermənistan tərəfindən tanınmasının qarşısını ala bilməsəydi, bugün bizim torpaqlarımızı haqlı olsaq da azad etməyə heç bir hüquqi bazamız olmazdı. Mən istərdim ki, hər bir Azərbaycan vətəndaşı Nikol Paşinyanın bu yaxınlarda xalqa müracətində opponentlərinin ittihamlarına cavabı ilə tanış olsun. Ermənistanın baş naziri məğlubiyyət aktına imza atması ilə bağlı öz siyasi rəqiblərinin ittihamlarına cavab verərkən bir çox maraqlı məqamları etiraf etmək məcburiyyətində qalıb. Ermənistan baş naziri xalqa müraciətində özü də bilmədən uzun illər boyu münaqişənin diplomatik həllində, bugünkü hərbi həll üçün hüquqi bazanın formalaşmasında Heydər Əliyev fenomeninin aktuallığını dilə gətirmiş oldu. O demişdir ki, hamı müharibə dövründə Ermənistanın diplomatik uğursuzluğundan danışır, onu günahlandırır ki, müharibə Ermənistanın diplomatik uğursuzluğu nəticəsində baş verdi. Ermənistan nə vaxt Qarabağ məsələsində diplomatik uğur qazanıb ki?! 1995-ci ilin ATƏT-in Lissabon sammiti uğurlu diplomatiya idimi?! Hansı ki, Birinci Qarabağ savaşından dərhal sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin Azərbaycanın tərkibində həll edilməsi barədə mövqe ortaya qoydu. Daha sonra Paşinyan deyib ki, 1998-ci ildə “ümumi dövlət” prinsipi masada olarkən 7 rayonun qaytarılması və Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması barədə dəqiq göstərilən tələblə müzakirəsi də heç Ermənistan üçün diplomatik uğur deyildi. 1999-cu ildə ATƏT-in İstanbul memorandumunda konfliktin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin nəzərdə tutulması da Azərbaycanın diplomatik uğur idi. Paşinyan Dağlıq Qarabağ yalnız Azərbaycan razı olduğu halda müstəqil ola bilər ifadələrinin yer aldığı Madrid Prinsiplərinin də Ermənistan üçün diplomatik uğursuzluq olduğunu dilə gətirib. Əgər yuxarıda yazılanların tarixlərinə baxsaq görərik ki, hamısı Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində və böyük əzab-əziyyətlər bahasına meydana gəlmiş diplomatik uğurlardır. Əgər bu siyasi və hüquqi baza formalaşdırıla bilməsəydi, Ulu Öndərin, daha sonra isə cənab Prezidentin diplomatik və idarəçilik zəkası olmasa idi, biz dünyanı öz haqq işimizə inandıra bilməzdik.
Heydər Əliyev fenomeni müasir Azərbaycan xalqının əldə etdiyi bütün uğurların yaradıcısı və banisidir. Dünya dövlətləri ilə iqtisadi, siyasi sferada uğurlu əməkdaşlıqların qurulması və Azərbaycanın dünya miqyasında tanıdılmasının əsasını məhz Heydər Əliyev qoymuşdur. Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə görə də biz Ulu Öndərə borcluyuq. Naxçıvan ilk münasibətlərin toxumları səpiləndə blokada şəraitində idi. Türkiyə ilə Naxçıvan arasında inşa olunan “Ümid körpüsü” bugün müzakirə olunan və bəyanata salınan Zəngəzur koridorunun təməi idi.
Paraddan dərhal sonra Bakıya gələn ATƏT-in uzun illərdir ki, heç bir əməli fəaliyyətləri ilə yadda qalmayan Minsk qrupunun həmsədrlərinin nümayəndələri ilə görüşü zamanı xalqımızın onlara demək istədiyi fikirləri cəmləşdirib cəsarətlə deməsi, onları dəvət etmədiyini açıq ifadə etməsi dövlət başçımızın qüdrətindən xəbər verir. Biz öz problemimizi özümüz həll etmişik. Biz regionun ən güclü dövlətlərindən birinə çevirilmişik. Bax, bu amildir cənab Prezidentin sözlərindəki kəsər və qətiyyət!
Ermənilər hərbi paradımızda gördükləri qənimət götürülmüş arsenalları, viranə olmuş dövlətçilik və məhv olmuş orduları üçün sözün bütün mənalarında göz yazı tökmək əvəzinə yenə də öz təxribatçı əməllərindən geri qalmırar. Hadrut meşələrində gizlənmiş terror dəstələrini hələ də nəyəsə nail olmaq arzusu ilə boş, sadəcə özlərinin məhvinə səbəb olacaq addımlar atırlar. Cənab Prezident Minsk qrupunun həmsədrlərinin düz gözlərinin içinə baxaraq dedi ki, belə cəhdlər olarsa, bu dəfə dəmir yumruq onları əzəcəkdir. Hesab edirəm ki, ermənilər, erməni cəmiyyəti və erməni siyasətçilər istehkamlar və belə mənasız cəhdlər əvəzinə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq haqqında düşünməlidirlər. Bu onların bir dövlət və millət kimi bundan sonrakı inkişafları üçün yeganə fürsətdir.