Xəbərlər
UNESCO İcra Şurasının 210-cu sessiyasının plenar iclasında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın bəyanatı səsləndirilib
Parisdə UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası davam edir.
Onlayn keçirilən plenar iclasda UNESCO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna Azərbaycanın sədrliyi çərçivəsində bəyanatı ölkəmizin UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev tərəfindən təqdim edilib.
Bildirilib ki, Qoşulmama Hərəkatı tarixboyu beynəlxalq sülh və təhlükəsizliyin Bandunq prinsiplərinə uyğun olaraq möhkəmləndirilməsində əsas rol oynayıb. Qoşulmama Hərəkatı ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə, dövlətlərin daxili işlərinə qarışmamağa, xarici işğal və müstəmləkə hökmranlığı altında olan xalqların öz müqəddəratlarını təyinetmə hüququna, zorakılığın qarşısının alınmasına, zorakılıq əleyhinə təşviqin aparılmasına, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit edilmiş beynəlxalq münasibətlər prinsiplərinə ciddi riayətə əsaslanan sülh mədəniyyətinin təşviqinə dair daim çağırışlar edib.
Bəyanatda qeyd edilib ki, üzv dövlətlər tolerantlıq və mədəni müxtəlifliyə hörməti təşviq etməkdə, sivilizasiyalar arasında ümumi razılıq platforması və onların nəzdində ortaq dəyərlər və ümumdünya insan haqları üçün ortaq olan problemlərin həlli istiqamətində ümumi zəmin axtarmaqda və əməkdaşlıq, tərəfdaşlıq və inklüziv yollarla irqçilik və ayrı-seçkiliyə qarşı mübarizə aparmaqda qəti olduqlarını bir daha təsdiqləyir. Bu baxımdan Qoşulmama Hərəkatı, mədəniyyət müxtəlifliyinə dair Ümumdünya Bəyannaməsi, Fəaliyyət Planı və Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində beynəlxalq birliyə böyük töhfə verən UNESCO-nun mədəni ifadələrin müxtəlifliyinin qorunması və təşviqi Konvensiyasının vacibliyini diqqətə çatdırırlar. Hərəkata üzv dövlətlər, mədəni müxtəliflik sahəsində qəbul edilmiş tədbirlərin fəaliyyətini gücləndirmək məqsədilə Ümumdünya Bəyannaməsində yer alan prinsiplərin təbliği üçün UNESCO ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər.
Silahlı münaqişələrdə mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasının və ona iki Əlavə Protokolun vacibliyi bildirilərək, hələ ratifikasiya etməyən dövlətlər onları ratifikasiya etməyə dəvət ediliblər.
Diqqətə çatdırılıb ki, bu il mədəni sərvətlərin qanunsuz idxal, ixrac və transfer edilməsinə mane olmaq və onu qadağan etmək üçün tədbirlər görülməsinə dair 1970-ci il Konvensiyasının 50 illiyi qeyd edilir. Bu baxımdan, Qoşulmama Hərəkatına üzv dövlətlər mədəni irsin əvvəllər müstəmləkə altında olmuş və ya hələ də olan xalqlara qaytarılmasına dair bu sahədəki aparıcı qurum olan UNESCO-nun qərar və qətnamələrinin BMT-nin üzv dövlətləri tərəfindən tam şəkildə tətbiq olunmamasına görə narahatdırlar. Onlar UNESCO-nu israrla bu sahədə müvafiq konvensiya və mexanizmlərə, xüsusilə də 1970-ci il Konvensiyasına, eləcə də mədəni irsin mənşə ölkələrinə qaytarılmasının və ya mənimsənilməsi halında geri qaytarılmasının təşviqi üzrə Hökumətlərarası Komitə (ICPRCP), 1978-ci ildə UNESCO tərəfindən əvəzolunmaz mədəni irsin onu yaradanlara qaytarılmasına dair çağırış və oğurlanmış mədəni irs sərvətlərinin qaytarılmasını asanlaşdırmağa dair qəbul edilmiş strategiyaya uyğun olaraq oğurlanmış və ya qanunsuz olaraq ixrac edilmiş mədəni sərvətləri müəyyənləşdirməyə çağırıblar.
Qoşulmama Hərəkatına üzv dövlətlər qeyri-maddi mədəni irsin qorunması sahəsində beynəlxalq ictimaiyyətə mühüm töhfəsi kimi UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyasına sadiq olduqlarını bildiriblər.
Qadınlar və qızlar da daxil olmaqla savadsızlığın aradan qaldırılması üçün savadlı icmalar və cəmiyyətlər yaratmağı, beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf hədəfləri çərçivəsində XXI əsrdə təhsil və bacarıqlara dair 2030 Çərçivə Fəaliyyəti və digər UNESCO fəaliyyətlərinə uyğun fəaliyyəti gücləndirməklə təhsil sahəsində gender bərabərsizliyini aradan qaldırmaq üçün göstərilən səyləri alqışlayıblar.
COVID-19 pandemiyası dövründə ölkələrə təlim prosesinin davamlılığını təmin etmək üçün UNESCO tərəfindən irəli sürülmüş qlobal təhsil Koalisiyasının alqışlandığı və dəstəkləndiyi bildirilib.
Üzv dövlətlər qarşılıqlı maraq doğuran məsələlərin inkişafı üçün UNESCO ilə əməkdaşlıqlarını davam etdirməyə hazır olduqlarını qeyd ediblər.
Plenar iclas müzakirələrlə davam edib.