YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Azərbaycan beynəlxalq hüquq praktikasında və bölgədə yeni reallıq yaratdı

“Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının müddəaları uğurla icra edilir. Sənədin  6-cı bəndinə əsasən  dekabrın 1-də Laçının öz tarixi sahibinə qaytarılması ölkəmizin hər yerində böyük sevinc hissi ilə qeyd olunur. Dekabrın 1-də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edərək  44 günlük müharibənin yol açdığı siyasi qələbəmizi şərtləndirən amillərdən geniş bəhs etdi. Bugünümüzün real mənzərəsi budur ki, Azərbaycan beynəlxalq hüquq  praktikasında və regionda  yeni reallıqlar yaratdı. 27 ildən artıq icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi, ədalət,  beynəlxalq hüquq deyilən məfhumun mövcudluğu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının diqqətinə çatdırıldı, Ermənistanın illərdir yaratdığı «məğlubedilməz ordu» mifi dağıdıldı,  münaqişənin hərb variantının mümkünsüzlüyünü qeyd edən dairələr   düşüncələrinin nə qədər yanlış olduğunu gördülər, bir sözlə, həqiqətlərə həqiqət gözü ilə baxmaq diktə edilərək  bölgədə yeni dövrün  əsası qoyuldu. Təbii ki, bu reallıqları  yaradan Azərbaycandır. Əgər əvvəlki illərdə bəzi dairələr Azərbaycanın  mövcud  reallıqlarla barışmalı olduğunu bildirirdilərsə, bu gün Azərbaycan hər kəsə özünün formalaşdırdığı  və ölkəmizin bütün ərazilərində suverenliyinə, bütövlüyünə əsaslanan mövcud reallıqlarla barışmağı diktə edir. Bugünün reallığı ondan ibarətdir ki, ölkəmiz    ərazi bütövlüyünü bərpa etdi,  işğala son qoydu, bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, əməkdaşlıq formatı yaratdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda  yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işlər görüldü, düşməni  torpaqlarımızdan  qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər  həllini taparsa, onda bölgədə yeni əməkdaşlıq çərçivələri yaradılacaq.»

   Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə qeyd edib ki, Azərbaycan bir daha Ermənistana və ona havadarlıq  edən dövlətlərə göstərdi ki, bir qarış torpağımızı belə düşmənə verməyəcək və təcavüzkara  heç bir güzəştdən söhbət gedə bilməz: «Hər zaman münaqişənin həllində  sülh və danışıqlar metoduna üstünlük verən dövlətimiz müharibə variantını da istisna etmirdi. Bu,  sadəcə, bir bəyanat deyildi. Ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və son 17 ildə bu siyasi  xəttin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  bütün gücümüz səfərbər edildi. Ölkəmiz daha da  gücləndi, qüdrətləndi, bütün sahələrdə-həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, həm həmrəyliyin və birliyin möhkəmlənməsində, həm də ordu quruculuğunda davamlı uğurlar əldə olundu.  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu  sırasında qərarlaşdı. Mürəkkəb relyefdə, güclü müdafiə sisteminə malik düşmən ordusunun məğlub edilməsi düzgün hərbi strategiyanın tətbiqi, ordumuzun yüksək peşəkarlığı və müasir texnika və texnologiyalardan istifadə olunması nəticəsində mümkün oldu.  Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq.»

    Baş redaktor  Azərbaycanın döyüş meydanındakı qələbəsinin siyasi müstəvidə qələbəyə yol açdığını diqqətə çatdırıb: «44 günlük müharibə 300-ə qədər kəndin, 5 şəhərin, 4 qəsəbənin, xeyli sayda strateji yüksəkliklərin işğaldan azad olunmasını təmin etdi. Ermənistanın başqa çıxış yolu qalmamışdı,  ya birgə Bəyanata imza atmalı, ya da tamamilə  məhv olmalı idi. Azərbaycan Ordusu işğalçı dövləti diz çökdürdü.  10 noyabr tarixli  üçtərəfli Bəyanat işğalçı dövlətin kapitulyasiyasının  həm sənəddə, həm də realıqda dünyaya təqdimatıdır. Ermənistan  və ona havadarlıq edən dövlətlər  bir daha dərk etdilər ki, saxta tarix   heç zaman reallıqları dəyişə, eyni zamanda, yalanın həqiqət üzərində uzunmüddətli qələbəsini təmin edə bilməz.  Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər Azərbaycanın tərəfindədir. Xalqımız tam əmin idi ki, gec-tez dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqeyimiz sayəsində Dağlıq Qarabağ problemi  öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, tarixi  torpaqlarımızda yeni həyat başlayacaq, bu ərazilərimizin malik olduğu iqtisadi  potensial  qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşməsində  əhəmiyyətli rol oynayacaq. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar bu tarixi qələbənin sevincini yaşayır.  «Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik» söyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır.»

 Artıq müharibənin arxada qaldığını söyləyən Vüqar Rəhimzadə  bu fikri də böyük qürur hissi ilə   bildirib ki, ölkəmiz üçün yeni quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü başlayır. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək, bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək.  İşğaldan azad edilmiş   torpaqlarımızın  malik olduqları iqtisadi  potensial imkan verəcək ki,  Qarabağ regionunu  nəinki Azərbaycanın, hətta dünyanın ən gözəl bölgələrindən birinə çevirək. Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!