YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: “Qərb demokratiyasi”: Aysberqin görünən və görünməyən tərəfləri

Qəhrəman Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu tarixi zəfərə imza atmaqla təkcə işğal altındakı torpaqlarımızı azad  etmədi, eyni zamnda  region və dünyanı beynəlxalq terror və faşizm təhlükəısindən xilas etdi. Nəticədə 30 ildən sonra bölgəmizdə sülh və əminamanlıq mühitinin formalaşması üçün olduqca əlverişli şərait formalaşdı. Bu reallıq isə öz növbəsində regionda demokratik dəyərlərə əsalanan plüralist cəmiyyətlərin bərqərar olması üçün yaşıl işıq yandırmışdır. Deməli, demokratik  inkişaf yolunu seçmiş Azərbaycan Respublikasının işğalçı Ermənistan üzərində həm hərbi, həm siyasi, həm də informasiya cəbhələrində qazandığı  tarixi qələbələr öz əhəmiyəti baxımından region səviyyəsini aşıraq qlobal məzmun kəsb etməkdədir.  Bu gerçəklik nə qədər qəribə səslənsə də, paradoksal vəziyyət yaradır. Başqa sözlə, Azərbaycanın  terror və faşizmi dövlət siyasəti səviyyəsinə qaldırmış işğalçı Ermənistan üzərində qazandığı tarixi zəfər bəzi Qərb dövlətlərində  müəmmalı narahatlıq doğurmuş və onların bir sıra nüfuzlu kütləvi informasiya vasitələri təmsilçilərinin  Prezident İlham Əliyevə ünvanladıqları təxribatçı suallarda öz ifadəsini tapmışdır. Bu baxımdan  Pezident İlham Əliyevin oktyabrın 25-də  ABŞ-ın “Fox News”  televiziya kanalına verdiyi müsahibə istisna təşkil etmir.  Qərb jurnalistinin bir çox hallarda təxribatçı və qərəzli suallarına  dövlətimizin rəhbərinin verdiyi  sərrast cavablar  dərin zəka, intellekt, analitik  düşüncə qabiliyyəti və  zəngin təcrübədən qaynaqlandığından  qarşı tərəfi çıxılmaz vəziyyətə salır,  “tərksilah”  edir,  “ünvanı səhv saldığ”ı qənaətini ortaya qoyurdu.  Fikrimizin təsdiqi kimi, həmin müsahibədən kiçik bir hissəni olduğu kimi təqdim edirik:

“Cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?

- Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.

- Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.

- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.

- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.

- Bilirəm. Mən hazırlıqlı adamam.”

Müsahibədən göründüyü kimi, Qərb təmsilçiləri Azərbaycanın legitim hərbi uğurları və adekvat olaraq həyata keçirdiyi uğurlu sülh prosesinin regiona sabitlik, sülh və təhlükəszilik mühiti gətirdiyini təqdir etmək əvəzinə,  geosiyasi təzyiq  alətinə  çevirdikləri  “demokratiya” nı  maddiləşdirir, ona elastiklik verir,  ondan  “qamçı”  və “qoğal” kimi yararlanırlar. Deməli, Qərb üçün geosiyasi manipulyasiya və ambisiya vasitəsi olan qılaflanmış “demokratiya” anlayışı  aysberq kimidir, onun görünməyən hissəsi daha böyükdür. Bu məqalədə də əsas məqsədimiz məhz Qərbin  “demokratiya” adlı aysberqinin  görünməyən hissəsinə nüfuz etməkdən ibarətdir.

Niyə məhz demokratiya normalarına riayət edilməsi Qərb üçün bu və ya digər dövlətlə əməkdaşlığın qurulması üçün ilkin şərt olaraq irəli sürülür? Bu, Qərb üçün nədən bu qədər aktualdır? Əlbəttə, kimlərsə etiraz edib deyə bilərlər ki, Qərb bir çox hallarda ayrı-ayrı dövlətlərin demokratiya prinsiplərinə riayət etməməsinə göz yuma bilir. Hətta demokartiyanın parodiya şəklinə salındığı bir sıra monarxiya rejimləri ilə mənafeyi və maraqları nəzərə alındığı təqdirdə sıx tərəfdaşlıq münasibətləri də qurur. Lakin bu sferada proseslərin dalana dirəndiyi halda Qərbin demokratiyanın ixracı və vətəndaş cəmiyyətinin inkişafı məqsədilə hərbi güc tətbiqi  praktikası da geniş yayılmışdır.  Məntiqləri də ilk baxışdan kifayət qədər cəbedici təsir bağışlayır: “demokratik ölkələr bir-birləri ilə müharibə etmirlər”. Nəticədə biznes qazanır. Təhlükələr minimuma enir. Sabitlik hökm sürür. Əslində isə bütün bunlar Qərbin uydurduğu illüziyalardır. “Demokratiya oyunu”nun üst qatıdır. Alt qatda qılaflanmış mətləblər gizlənməkdədir. Bu yazında həmin alt qatlara nüfuz edib, bəzi həqiqətlərə ayna tutmaq niyyətindəyik. Əvvəlcə, gəlin araşdıraq görək Qərb üçün demokratiya nə deməkdir?  Cavab sadədir. Bu, ilk növbədə:

-Müstəqil KİV-dir.

-QHT-lər üçün fəaliyyət azadlığıdır.

-Vətəndaş cəmiyyətinin inkişafıdır.

-Hakimiyyətin bölgüsüdür.

-Real hakimiyyət dəyişkənliyidir.

Bəs bütün bunlar Qərbin nəyinə lazımdır?

Ardıcıllığa əməl etməklə analiz edək.  Bunun üçün ilkin olaraq “müstəqil KİV” nədir sualınaa cavab tapmağa çalışaq. Bu, dövlətə məxsus olmayan və onun tərəfindən nəzarət edilməyən KİV deməkdir. Məsələ ondadır ki, əgər KİV dövlətin nəzarətindən çıxıbsa, deməli, o kiməsə məxsusdur və onun nəzarətindədir. Bəs dövlətə deyilsə, o kimə məxsus ola bilər? Təbii ki, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən və böyük biznes imkanları olan beynəlxalq siyasi dairələrə. Nəticədə həmin dairələr, bir çox hallarda transmilli korporasiyalar hədəf seçdikləri ölkələri belə KİV-lər vasitəsilə ictimai fikri nəzarətdə saxlayır, onunla istədikləri kimi manipilyasiya edə bilirlər. Müstəqil adlandırdıaqları KİV-lərin olmadığı təqdirdə isə həmin qüvvələr olkədaxili ictimai fikri nəzarətdə saxlaya bilmirlər. Deməli, bu qüvvələrin niyə demokratiyanın mühüm elementi kimi ilk növbədə müstəqil KİV-lərin mövcudluğunda maraqlı olamsının motivlərini başa düşmək elə çətin deyildir.

         Qərb niyə hədəf seçdiyi ölkələrdə QHT-lərin fəaliyyətinə son dərəcə həssaslıqla yanaşrı? Əvvəla, onu qeyd edək ki, QHT-lər ilk növbədə öz ölkələrinin siyasətinə hakimiyyətin ənənəvi mexanizmlərindən fərqli yollarla təsir etməyi bir vəzifə olaraq müəyyən edirlər. İstənilən təşkilatın fəaliyyətinin səmərəlilik əmsalının yüksəlməsində maliyyələşmə imkanları ilə bağlı  məsələ həlledici rola malikdir. QHT-lər isə adətən, fəaliyyət göstərdikləri ölkələrin hökumətlərindən maliyyələşmirlər. (Azərbaycan mövcud təhlükələrdən vaxtında sığortalanmağı bacardı) Onda bəs maliyyəni kimdən alırlar? Əsasən, xarici ölkələrdəki ayrı-ayrı fondlardan. Bəs bu fondları kim maliyyələşdirir? Heç şübhəsiz, Qərb hökumətləri. Bu ki, isbata ehtiyacı olmayan aksiomdur: pulu ödəyən mahnını da sifariş edir. Zənnimizcə, Qərbin QHT-lərə belə canyanalığının motivlərini əlavə şərh etməyə lüzum yoxdur.

Qərb demokratiyanın vacib elementi olaraq vətəndaş cəmiyyətinın inkişafında maraqlı olduğunda israrlıdır. Bəs onun bu davranışının motivlərini necə izah etmək olar? Məlum olduğu kimi, bəhs edilən cəmiyyətdə rəsmi hakimiyyət ilə bağlılığı olmayan, lakin motivasiyalı vətəndaşlar qrupu iqtidarın mövqeyini bu və digər məsələlərlə bağlı dəyişmək üçün hüquqi təsir etmək mexanizmlərinə malik olurlar. Onların fəaliyyətləri “müstəqil  KİV”-lər tərəfindən informativ olaraq dəstəklənir, QHT-lər tərəfindən isə istiqamətlənir. Nəticədə xaricdən əldə edilən qrantlar hesabına fəaliyyət göstərən və maliyyələşdirildiyi mənbələrdən  asılı vəziyyətə salınan  vətəndaş cəmiyyəti institutları dövlətin işinə birbaşa müdaxilə etmək mexanizmlərinə malik olurlar. Bu reallıq Qərbin  təzyiq rıçaqları sırasında xüsusi mövqeyə malik “beşinci kalonna” yaratmaq niyyətini həyata keçirmək üçün unikal şəraiti təmin etmiş olur.

         Bəs Qərb niyə inkişaf etməkdə olan ölkələrdə hakimiyyətin bölğüsü prinsipinə bu qədər həssaslıqla yanaşır? Məlum olduğu kimi, hakimiyətin bölgüsü onun müstəqil qolları arasında tarazlığın saxlanması anlamını özündə ehtiva edir. Elə bu səbəbdən də  Qərb demokratiyanın ixracı hesabına həmin vəziyyətin laxlamasında maraqlıdır. Bu məqsədi həyata keçirmək üçün isə “müstəqil” KİV, QHT və vətəndaş cəmiyyətinin  imkanlarından istifadə olunur. Nəticədə tarazlıq hakimiyyətin bu və ya digər qanadının xeyrinə pozulmuş olur. Başqa sözlə, “parçala, hökm sür” prinsipi  tam işlək vəziyyətə gətirilir. Bax elə buna görə də o Qərbə lazımdır.

Nəhayət, Qərbin hakimiyyət dəyişikliyi prinsipinə xüsusi prioritet verməsinı nə ilə izah etmək olar? Cavab sadədir. Əslində Qərb üçün  yuxarıda sadalanan mexanizmlər köməkçi funksiyanı yerinə yetirir. Əsas vəzifə məhz hakimiyyətin dəyişkən olması ilə bağlıdır. Yararsız hakimiyyəti yararlı, yararlını loyal, loyalı isə marionetka hakimiyyət ilə əvəz etmək. Bu halda sonuncunu əlcək kimi istifadə etmək və yenisi ilə əvəz etmək  prosesi adi məişət hadisəsi səviyyəsinə qədər ucuzlaşmalıdır.

Deməli, yuxarıda apardığıməz təhlillərdən belə bir nəticə hasil olur: Qərb üçün demokratiya bütün təbii sərvətlərdən daha vacibdir. Çünki demokratiya onun  üçün total nəzarət mexanizmidir. “Demokratiyanın kimdə olduğunu, kimdə isə olmadığını” həll etmək hüququnu inhisara almış qüvvənin-Qərbin bu reallıq fonunda  neftin, qazın, tranzit yollarının, hərbi bazaların və s. öz-özünə ayaqları altına səriləcəyinə dair tükənməz inamı vardır. Qərbin müstəmləkəçilik və yeni müstəmləkəçilik təcrübəsi bu inamın əsasında dayanan amildir.

Nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, Qərbdə geniş yayılmış və ilk baxışdan kifayət qədər cəlbedici görünən “Demokratik ölkələr bir-biri ilə müharibə aparmırlar” ifadəsinin alt qatında gizlənən mənanı diqqətdən qaçırmaq olmaz. Məna belədir: Qərb ölkələri demokratik ölkələrlə müharibə aparmırlar, çünki həmin ölkələri güc tətbiq etmədən nəzarətdə saxlamaq imkanına malikdirlər.

Kimsə belə bir nümunə gətirə bilərmi ki, Qərb dairələri hansısa ölkənin rəhbərliyini əhalisini ac-yalavac saxladağına görə qeyri-legitim hesab edib? NATO-nun eyni səbəbdən hansısa ölkəni bombaladığının şahidi olmusunuzmu? Qərb dövlətlərinin korrupsiyanın tüğyan etdiyi dövlətlərə qarşı sanksiyalar  tətbiq etməsi ilə bağlı hər hansı bir informasiyaya rast gəlmisinizmi? Hansısa ölkədə işsizliyin dözülməz həddə çatmasına görə beynəlxalq birliyin ona qarşı müvafiq cəza mexanizmlərini işə salmasına dair fakt diqqətinizi cəlb edibmi? Yəqin ki, cavab birdir:yox. Bu qənaət həqiqəti ifadə edir. Digər həqiqət isə ondan ibarətdir ki, çağdaş dövrümüzdə  dünya hökmranlığına nail olmağın Qərb modeli könüllü-məcburi demokratikləşmədən və son variant olaraq hərbi güc tətbiqindən keçir. Müharibələr  indiki  reallıqlarda Qərb üçün olduqca bahalı “məşğuliyyətə” çevrildiyindən, daha ucuz məsrəfli demokratiya ixracı siyasəti optimal yol kimi qəbul olunur. Etiraz edərsənsə, “qoğalı” “qamçı” əvəzləyə bilər. Bu da Qərbin “demokratik” xəbərdarlığıdır.

Bu yerdə ABŞ-ın "qurucu ataları"ndan olan Bencamin Franklinin və Tomas Ceffersonun məşhur deyimlərini xatirlamamaq mümkün deyildir. Bencamin Franklinin fikrincə, ABŞ üçün "Demokratiya- iki qurdun və quzunun axşam yeməyinə nəyin yeyiləcəyini səsə qoymaları anlamındadır... Təbii ki, bu halda "demokratik" səsvermə nəticəsində 2/1 nisbətində quzu "hüquqları qorunmaqla", "demokratik yolla" qurdların həzmi-rabiyyəsindən keçəcəkdir.” Tomas Ceffersonun qənaətinə görə isə “ABŞ üçün "Azadlıq-yaxşı silahlanmış quzunun həmin səsvermənin nəticələrinə yenidən baxılmasına nail ola bilməsi anlamında qəbul edilməlidir".

Bu məqamda klassik Azərbaycan şairi Qasım bəy Zakirin hələ XIX əsrdə qələmə aldığ “Özü lüm-lüm atır batində əmma, Zahirdə dediyi mənaya  bir bax” kimi böyük siyasi mənası olan sətirlərini də xatırlamaq yerinə düşər. Sanki böyük şairin “qəhrəmanları” təkcə bəzi zatından uzaq düşmüş “bəy”lərimiz deyil, həm də bugünki Qərb demokratlarıdır. İnsan hüquqları və demokratiyadan dəm vuran, əslində isə korrupsiya girdabına yuvarlanmış  Qərb demokratları.

 

DİGƏR Xəbərlər Arxiv