Xəbərlər
Əli Hüseynli: Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur
Əli Hüseynli
Milli Məclisin deputatı
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə olaraq münaqişə ilə bağlı neytrallığını qoruyub saxlamağa borclu olduğu halda Fransa özünün ermənipərəst yanaşmaları ilə bölgədə sülhə və əmin-amanlığa təhlükə yaradan ikili standartlara söykənən siyasi riyakarlıq nümayiş etdirməkdə davam edir. Ölkə Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma “qurumu” tanımaqla bağlı layihəni müzakirə etmək barədə məkrli niyyəti həm də onun Türkiyə və Azərbaycana olan ədalətsiz münasibətinin göstəricisidir.
Buna baxmayaraq, məsələ ilə bağlı müsbət qərar qəbul edilsə belə, o qətnamənin heç bir hüquqi çəkisi olmayacaq. Çünki Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və üstəlik, hansısa ölkənin bir orqanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni işğalı ilə bağlı qəbul etdiyi məlum 4 qətnaməni inkar etmək gücündə deyil.
İkincisi, Fransa Konstitusiyasına əsasən Senatına təqdim edilən bu qisimdən olan sənədlərinin icrası məcburi deyil. Ona görə də şübhə yoxdur ki, bu qətnamə layihəsi ətrafında qaldırılan hay-küy Azərbaycanın həm döyüş meydanında, həm də diplomatic sahədə uğurlarını həzm edə bilməyən erməni lobbisinin çirkin əməllərinin nəticəsidir.
Digər tərəfdən, Fransa Senatının qəbul edəcəyi sənəd rəsmi Parisin siyasətini müəyyən edə bilməz. Belə ki, Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində yekun söz sahibi olan təsisat deyil.
Lakin istənilən halda, bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir. Ona görə də Senat erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır.
Belə ədalətsiz addımlar iki ölkə arasında münasibətlərə ciddi xələl gətirə bilər. Prezident İlham Əliyev rəsmi Parisin belə davranışlarına cavab olaraq bəyan edib ki, “əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər…Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.
Odur ki, Senat qətnaməni müzakirə etməzdən əvvəl öz dövlətinin maraqlarını nəzərə almalı və Fransanın avantürist erməni lobbisinin təsiri altında təxribata yol verməməlidir.