Xəbərlər
Azad və abad Zəngilan: Tarixi Zəfər və gələcək perspektivlər

Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Zəngilanın adı təkcə xəritədə bir coğrafi məkan deyil. Bu adın arxasında yüzilliklərin yaddaşı, minlərlə insanın taleyi, torpaqla birləşmiş ruh dayanır. Bu torpağın hər qarışı tarix danışır, hər daşı bir iz, bir hekayə saxlayır. XIX əsrdən başlayaraq rus işğalı, inzibati bölgülər, bolşeviklərin xəyanət dolu sərhəd xətləri Zəngilanın taleyinə kədərli izlər salmışdı. Amma bu torpağın yaddaşında bir ümid də yaşayırdı – bir gün yenidən dirçəlmək, azad nəfəs almaq ümidi.
Sovetlərin qurduğu inzibati bölgülər nəticəsində Zəngilan bir tərəfdən Ermənistana birləşdirilmiş Zəngəzurun, digər tərəfdən isə Azərbaycanın ayrılmaz bir parçası kimi siyasi oyunların ortasında qalmışdı. Bu bölgə hər zaman həm strateji, həm də mədəni baxımdan mühüm məkan olub – Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi çaylar bu torpağı həyatla bəsləyib, qədim abidələr isə onun mədəni nəfəsini qoruyub.
1993-cü ilin payızında isə Zəngilan tarixinin ən faciəli günlərini yaşadı. Füzuli və Cəbrayıl işğal edildikdən sonra zəngilanlılar 67 gün mühasirədə qalaraq işğalçılara qarşı mərdliklə döyüşdülər. Əli silah tutan hər kəs son nəfəsinə qədər vuruşdu. 25-29 oktyabr günləri Araz çayı boyu köç karvanına çevrilən minlərlə zəngilanlının ağrısı Azərbaycan tarixinin ən acı səhifələrindən biridir. Amma o günlərdə belə xalq bu torpaqdan ümidini üzmədi.
2020-ci ilin 20 oktyabrında isə tarix dəyişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqına müraciət edərək bu sözləri söylədi: “Zəngilan şəhəri işğaldan azad edildi!”. Bu, təkcə bir rayonun azadlığı deyil, 27 illik həsrətin sonu, bir xalqın dirənişinin zəfərlə tamamlanması idi. Zəngilan döyüşlərində Azərbaycan Ordusu 4 qəsəbəni və 49 kəndi azad etdi, 132 kilometrlik dövlət sərhədi bərpa olundu.
20 oktyabr – Zəngilan şəhəri günü – təkcə bir təqvim tarixi deyil, Azərbaycanın iradə, qəhrəmanlıq və yenidənqurma ruhunun simvoluna çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” planı çərçivəsində Zəngilan qısa zamanda yenidən doğulmağa başladı.
İlk pilot layihə məhz burada – Ağalı kəndində həyata keçirildi. Bu kənd indi dünyanın ən müasir “ağıllı kənd”lərindən biridir. Günəş enerjisi, Arximed tipli su elektrik stansiyaları, yüksək sürətli internet, “yaşıl texnologiyalar” və tam ekoloji mühit – bütün bunlar azad olunmuş torpaqda yeni həyatın başlanğıcını simvolizə edir. 2022-ci ildən bəri yüzlərlə ailə Ağalıya qayıdıb, orada yeni məktəblər, tibb məntəqələri, “ASAN” və “DOST” mərkəzləri, iş yerləri yaradılıb. Bu, təkcə bərpa deyil – milli dirçəlişdir.
Zəngilan həm də strateji nəqliyyat qovşağı kimi yeni dövrə qədəm qoyur. Burada inşa edilən Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu, Zəngəzur dəhlizinin hava və quru infrastrukturunu tamamlayan layihələr ölkənin gələcək iqtisadi xəritəsini dəyişir. Yeni magistrallar, körpülər, tunellər, su elektrik stansiyaları - bütün bunlar Zəngilanı gələcəyin region mərkəzinə çevirir.
Bu torpaq həm də mədəni dirçəlişin ünvanıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə XIX əsrdə inşa edilmiş, işğal dövründə təhqir edilərək tövləyə çevrilmiş Zəngilan məscidi bərpa olunub. Yeni ibadət zalı, iki minarə və kaşıdan işlənmiş mehrabı ilə bu məscid həm inancın, həm də milli ruhun dirçəliş rəmzidir.
Bu gün Zəngilan təkcə şəhər deyil, bir məktəbdir. Vətən sevgisinin, dözümün, yenidən doğuluşun məktəbi. Prezident İlham Əliyevin ardıcıl səfərləri, hər dəfə yeni layihələrin təməlqoyma mərasimləri bu torpağın gələcəyinə dövlətin necə ciddi yanaşdığını göstərir.
“Dost Aqropark”, “Ağalı” hotel, yeni yaşayış kompleksləri, bağçalar, su elektrik stansiyaları – bütün unlar bir məqsədə xidmət edir: Zəngilanı gələcəyin yaşıl, ağıllı və güclü şəhərinə çevirmək.