Xəbərlər
II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi, T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin şagirdi olmuş Adəm Əliyevin doğum günü rayonun Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu
18 noyabr 2020-ci il tarixdə II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi, T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin şagirdi olmuş Adəm Əliyevin doğum günü rayonun Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu. Kürdəmir Rayon İcra Hakimiyyətinin, YAP Kürdəmir rayon təşkilatının, Rayon Təhsil Şöbəsinin rəhbərliyi və nümayəndələri, məktəbin müəllim-şagird kollektivi, gənclər və rayon ictimaiyyəti mərasimdə iştirak etdilər.
Şagirdlər hazırladıqları " Qarabağ Azərbaycandır! " adlı kompozisiya ilə çıxış etdilər.
Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Natiqlər bildirirlər ki, milli şüarımıza çevrilmiş “Qarabağ Azərbaycandır!” gerçəyi reallaşdı. Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında iki yüz ilə yaxın bir dövrdə ardıcıl olaraq torpaq itirmək bəlasından xilas olaraq ərazi bütövlüyünü təmin etdi. Bunun təməlində, heç şübhəsiz xalqın öz Liderinə sonsuz inamı, yurd, torpaq sevgisi və Liderin də xalqa arxalanması dayanır. Rəşadətli Ordumuz, qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən təmizlədi. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.