YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Bizim hərbi əməliyyatlara başlamağımız siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır

Bizim hərbi əməliyyatlara başlamağımız siyasi və hərbi xarakterli hadisələrin gedişi ilə bağlıdır. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan danışıqlar prosesini hər vasitə ilə pozmaq istəyirdi. Ermənistanın yeni hökuməti dəfələrlə bəyan etmişdi ki, baza prinsipləri onun üçün qəbuledilməzdir, o, işğal edilmiş ərazilərin bircə qarışını belə qaytarmağa hazırlaşmır. Bu isə baza prinsiplərinə ziddir.

Prezident İlham Əliyev bu barədə İtaliyanın Rai-1 telekanalına müsahibəsində bildirib.

“Baş nazir bəyan edirdi ki, Azərbaycan danışıqları Ermənistan ilə deyil, qondarma “Dağlıq Qarabağın” rəhbərləri ilə aparmalıdır. Bu, həm bizim üçün, həm də ATƏT-in Minsk qrupu üçün qəbuledilməz idi. Baş nazir, həmçinin bəyan edirdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bununla da o, danışıqlar prosesini tamamilə pozmuş oldu. Son bir ildə praktiki olaraq, danışıqlar aparılmayıb və Ermənistan bunun təqsirini bizim üzərimizə yıxmaq üçün üç dəfə təxribat cəhdi göstərdi - iyul ayında sərhəddə, avqust ayında təxribat qrupu göndərildi və sentyabr ayında bizim dinc şəhərlər atəşə tutuldu”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan Prezidenti deyib ki, onlar yəqin bu dəfə də bizim təmkin göstərəcəyimizi düşünürdülər. Lakin onların düşündüyü kimi olmadı. Biz elə cavab verdik ki, indi onlar təəssüflənirlər.