Xəbərlər
Zəngilan yenidən qurulur
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
44 günlük Vətən müharibəsinin 24-cü günü - 2020-ci il 20 oktyabr hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olundu. Bu tarix dövlətimizin başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Tarixə nəzər salaq. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Rayonda çöküntü suxurlarından başqa, vulkanik materiallar - yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri və Bəsitçay. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
Zəngilan rayonu respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Rayonun işğalına gəldikdə Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Silahlı Qüvvələrimiz tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilan yenidən qurulur. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. İnfrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərində təməli 2022-ci ildə qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.
Tarixi Zəfərimizdən bu günədək dövlət başçısı İlham Əliyev Zəngilan rayonuna 15-ə yaxın səfər edib. Hər bir səfər Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatıdır. Zəngilan rayonu və kəndlərinin məskunlaşması davam edir. 2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə, 339 nəfər, Ağalı kəndinə 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndinə 179 ailə, 903 nəfər məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Bu gün Zəngilan dağılmış bir keçmişin yerində ən müasir şəhərsalma prinsiplərinə uyğun olaraq “yaşıl və rəqəmsal” konsepsiya əsasında yenidən qurulur. Şərqi Zəngəzurun bu füsunkar guşəsi Böyük Qayıdış Proqramının icrasına şahidlik edir. Zəngilan Şəhəri Günü təkcə hərbi qələbənin xatırlanması deyil, həm də doğma torpaqlarda həyatın canlanmasının, sülhün və milli birliyimizin təntənəsidir. 20 oktyabr torpaqlarımızı canı, qanı bahasına azad edən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram, qazilərimizin fədakarlığına minnətdarlıq günüdür.
