Xəbərlər
Zəngilan şəhəri müasir dövrün çağırışlarını özündə təcəssüm etdirir
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. Bu sənədə əsasən 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Azərbaycan 44 günlük Vətən müharibəsi tarixi Zəfərimizlə başa çatdıqdan dərhal sonra düşmən tapdağından xilas edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başladı. Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın 20-də Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi oldu. Bu hava limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin oktyabr ayında Zəngilan rayonunun Ağalı kəndində oldular. Dövlətimizin başçısı sakinlərlə görüşündə bir daha vurğuladı ki, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız.
Azad olunan ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Bu gün Zəngilan şəhərinin timsalında dünya Azərbaycanın şəhərsalma təcrübəsinin uğurlarını görür. Onu da qeyd edək ki, bu günə qədər üç şəhər Azərbycan Milli Şəhərsalma Forumuna ev sahibliyi edib ki, onlardan biri Zəngilan şəhəridir. Zəngilanın Ağalı kəndi ilk piıot layihə olaraq “ağıllı kənd” konsepsiyası əsasında yenidən quruldu. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. “Ağıllı kənd” dayanıqlı inkişafın təmin olunması məqsədilə sosial-iqtisadi xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının və innovasiyaların tətbiq edilməsi, habelə həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunması üçün zəruri infrastruktura malik olan kənddir. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradılmışdır. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyalar tətbiq edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 30 oktyabrda “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Zəngilan şəhərinin bu ilin mayında ilk sakinlərinə qovuşması böyük sevinclə qarşılandı. Qayıdış ünvanlarının sayı artdıqca bundan böyük qürur hissi keçiririk.
Bərpa-quruculuq işlərində tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondunun fəaliyyəti yüksək dəyərləndirilir. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib. İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
Zəngilan rayonunun turizm potensialı inkişaf etdirilir. 2024-cü il 18 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hoteli açılmışdır. Hotel Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Zəngilan İstirahət Kompleksində hotel binasının təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il 10 may tarixində Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməli qoyuldu.
Qeyd etdiklərimiz altı ildə Zəngilan rayonunda görülən işlərin az bir hissəsidir. Azad edilmiş bütün ərazilərimiz kimi, Zəngilan rayonu da quruculuq meydanına çevrilib. Dünya Azərbaycan xalqının necə qurucu xalq olduğunun şahidinə çevrilir. Statistik rəqəmlərə diqqət yetirsək bu günədək 48 şəhər, kənd və qəsəbə sakinlərinə qovuşub. Qısa müddətdə bu göstərici həm Azərbaycanın iqtisadi imkanlarının, həm də öz torpağına bağlılığının təsdiqidir. Sakinlərinə qovuşan şəhərlər sırasında yer alan Zəngilan şəhəri müasir dövrün çağırışlarını özündə təcəssüm etdirir.
