Xəbərlər
Prezident İlham Əliyev Belarusun Müstəqillik Günü münasibətilə həmkarı Aleksandr Lukaşenkonu təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.
Məktubda deyilir ki, Belarus Prezidentinin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur.
“Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək”, - deyə Azərbaycan Prezidenti məktubda qeyd edib.
Dövlətimizin başçısı İlham Əliyev Aleksandr Lukaşenkoya möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzulayıb.