Xəbərlər
Naqif Həmzəyev: Qürurverici haldır ki, Azərbaycan elektrik enerjisi ixracat edən ölkəyə çevrilib
Bu gün müasir dünyamızda enerji faktoru ən yaxın ölkələri belə bir-birindən ayıra, ən uzaqları isə birləşdirə bilir. Bu gün enerji ehtiyatlarına sahib olan ölkə dünyada söz sahibidir, eyni zamanda o ölkənin milli təhlükəsizliyi də güvəndə olur.
Bunu açıqlamasında Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib.
Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yaradılan şəraitlə tanış olarkən dediyi fikirləri xatırladıb: Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur.
Azərbaycan Respublikasının iqtisadiyyatının, onun sosial həyatının dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, energetika sistemi ilə də sıx bağlıdır. Hazırda ölkəmiz zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malikdir. Eyni zamanda, Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir.
Ölkəmizin müstəqil elektrik enerji sisteminin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində qoyulub. Ulu Öndərimizin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirib.
Ölkənin sənaye potensialı və əhalinin sayının çoxalması, eləcə də kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması elektrik enerjisinin istehsalının artırılmasını və yeni stansiyaların tikilməsini zəruri edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xəttin nəticəsində ölkəmiz iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilib. Artıq respublikamız elektrik enerjisi idxal edən ölkədən ixracatçıya çevrilib.