Xəbərlər
Operativ Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb
Hazırda dünyada 7 milyonadək insan yeni növ koronavirus (COVID-19) xəstəliyinə yoluxmuş, 400 minədək şəxs vəfat etmişdir. COVID-19 virusunun peyvəndi bu günədək tapılmadığından dünya dövlətləri tərəfindən davamlı preventiv tədbirlər həyata keçirilməkdədir. Son günlər mövcud karantin rejimi qaydalarının əhali tərəfindən kütləvi surətdə pozulması ölkənin bir sıra bölgələrində sanitar-epidemioloji vəziyyətə ciddi təsir göstərmiş, virusa yoluxanların sayı artıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb.
Bununla əlaqədar olaraq, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).
Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
• Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
• xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
• sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
• kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
• elektrik enerjisinin istehsalı və təchizatı;
• meliorasiya və su təsərrüfatı;
• rabitə xidmətləri;
• teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
• dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
• boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
• fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
• neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
• fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.
Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Eyni zamanda, dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.
2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.
Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.
Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə sosial məsuliyyətdən irəli gələrək həmrəylik nümayiş etdirməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, özlərinin və yaxınlarının sağlamlığını qorumağa çağırırıq.