YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətəndaşlar Prezidentə yazırlar: Gördüyünüz işlər xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması istiqamətində gördüyü mühüm işlərə görə Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən minnətdarlıq məktubları ünvanlanmaqda davam edir.

Prezidentin saytına istinadla həmin məktubların daha bir qismini təqdim edirik.

Zəngilan rayonundan məcburi köçkün, 8-ci sinif şagirdi Murad Şirinov yazır: “Möhtərəm cənab Prezident, biz məktəblilər Sizi çox sevirik, Sizdən daim valideyn qayğısı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə çətinlik çəkirik. Bizə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirik. Sizin qayğınıza cavab olaraq dərslərimizi yaxşı oxuyacağımıza, Vətənə layiq övlad kimi böyüyəcəyimizə söz veririk. Allah Sizi, ailənizi və xalqımızı qorusun!”.

Kəlbəcər rayonundan məcburi köçkün Elmir Cəfərov: “Hörmətli cənab Prezident, Sizin sayənizdə Azərbaycan koronavirus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər gördü. Rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı. Pandemiya vaxtında Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər. Allah Sizi qorusun!”.

Laçın rayonundan məcburi köçkün Elçin Zeynalov: “Hörmətli cənab Prezident, Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz.

Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas etdiniz. Özünü güclü sayan dövlətlərin koronovirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfər qələbəsinə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Sizin sayənizdə tezliklə bu bəlaya qalib gələrək torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna əminik”.

Xəzər rayonunun Binə qəsəbəsindən məktəbli Nərmin Nəsirova: “Hörmətli cənab Prezident, biz məktəblilər Sizin “Evdə qal!” çağırışınıza əməl edərək məktəblərə getmədik, dərslərimizə evdə davam etdik, onlayn dərslər keçdik. Evdə qalsaq da, məyus olmadıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt böyüməyimiz üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram”.

Xocalı rayonundan məcburi köçkün, Qarabağ əlili Elmira Bağırovanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, mən Sizə Xocalı rayonundan olan məcburi köçkünlərin minnətdarlığını çatdıraram. Bu ağır və çətin günlərdə bizə göstərdiyiniz qayğı misilsizdir. Xalqa göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız xalqın Sizə olan inamını daha da artırdı. Siz bu qayğılı günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə Sizin yanınızda olacağıq. Sizinlə fəxr edirik”.

Xankəndi şəhərindən Vasif Allahverdiyev: “Hörmətli cənab Prezident, bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında oldunuz və bizə nə qədər yüksək dəyər verdiyinizi bir daha sübut etdiniz. Bunun üçün Sizə minnətdarlığımı bildirirəm və əminliklə deyirəm ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz. Biz qarabağlılar torpaqlarımızın düşmən işğalından azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin!”.

Gəncə şəhərindən Aydın Murovdağlı yazır: “Möhtərəm cənab Prezident, bəşəriyyətin XXI yüzilliyin birinci yarısında düçar olduğu, heç bir müasir texnologiya və silahla susdurulması mümkün olmayan, inkişaf etmiş, supergücə malik dövlətlər tərəfindən belə ram edilə bilməyən, böyük insanlığı naçar vəziyyətdə qoyan, yeni əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda bir ölkə vətəndaşı, ziyalısı olaraq xalqının taleyini hər şeydən üstün tutan, hamının sevimlisi olan, uzaqgörən, xeyli dərəcədə tədbirli ölkə başçısına üz tuturam. Siz bütün dəyərlərə yiyələnən, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, böyük insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə önəm verən, mükəmməl qətiyyətə və iradəyə malik lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə, inam hissinin gücü ilə nümayiş etdirdiniz ki, insan kapitalı Azərbaycan xalqının timsalında Sizin üçün çox önəmlidir. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı ağuşuna alan, ölkəmizdən də yan keçməyən, vurğuladığınız kimi, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoydunuz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Dünyada xalqın sevgisindən, məhəbbətindən böyük mükafat yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz. Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq mən də öz növbəmdə Sizə təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam, fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Ulu Tanrı Sizi Qorusun! Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev!”.

Qəbələ rayonundan İvan Şabanov və Elnarə Şərifova yazırlar: “Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlı gördüyünüz işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Qabaqlayıcı tədbirlərə, həmçinin işləməyən şəxslərə 190 manat birdəfəlik ödənişin verilməsinə, aztəminatlı ailələrə isə ərzaq yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Allahdan Sizə cansağlığı diləyirik. Əminik ki, Sizin sayənizdə Qarabağımız da tezliklə işğaldan azad olunacaq”.

Şəmkir rayonunun sakini Mehdi Həsənov: “Hörmətli cənab Prezident, internet saytlarından, mətbuatdan görürük ki, respublikanın müxtəlif bölgələrindən Sizə ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalqımızın koronavirus pandemiyası ilə mübarizədə az itki verməsi, kütləvi yoluxmanın müşahidə edilməməsi Sizin gərgin əməyinizin nəticəsidir. Respublikamızın başı üzərini qara bulud kimi alan pandemiya inanırıq ki, tezliklə tam aradan qaldırılacaq.

Əziz Prezidentimiz, şəmkirlilərin Sizə və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə uzun ömür, cansağlığı versin!”.

Tərtər rayonunun sakini B.Nəzərov: “Möhtərəm cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində işçilərin işdən azad olunmaması, ixtisara salınmaması, əməkhaqlarının əvvəlki qaydada ödənilməsi, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat vəsait verilməsi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutulması və digər sosial müdafiə üzrə ciddi addımlarınız təqdirəlayiqdir. Kənd təsərrüfatının inkişafı üçün edilmiş güzəştlər, bu sahədə çalışanlara şərait yaradılması kənd təsərrüfatının inkişafına böyük dəstəkdir. Biz də öz növbəmizdə Vətənimizin rifahı üçün var qüvvəmizlə çalışır və bu çətin günlərdə bizə olan qayğı və diqqətə görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Goranboy şəhərindən 2-ci sinif şagirdi Mələk Mollayeva: “Hörmətli cənab Prezident, Siz, xalqımızla birlikdə məni, qoca nənəmi, anamı qorudunuz, bizi xəstələnməyə qoymadınız. Mən ailə üzvlərimlə birgə hər gün televiziyada xəbərləri izləyirəm. Görürəm ki, dünyanın bir çox ölkələrində hər gün çoxlu sayda insan koronavirus səbəbindən həyatını itirir. Ölkəmizdə isə vəziyyətin yaxşı olduğunun şahidiyəm.

Mən bu dünyada 5 nəfəri ən çox istəyirəm: Sizi, Mehriban xanımı, anamı, nənəmi və dayımı. Mən də böyüyəndə Sizin kimi insanları sevəcəyəm və xeyirxah olacağam. Bizi qoruduğunuz üçün Uca Tanrı da Sizi qorusun!”.

Kürdəmir şəhərindən şəhid atası Bahadur Paşayev: “Hörmətli cənab Prezident, mən, şəhid atası Bahadur Paşayev Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram. Şəhid ailəsi olaraq biz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə qayğı ilə yanaşılması indiki gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir göstərir. Gənclər Vətən yolunda şücaət göstərən şəxslərin heç vaxt unudulmadığını görür və bütün bunlardan ibrət götürürlər. Sizin göstərişlərinizə uyğun olaraq, mənim ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizi və Azərbaycanımızı qorusun!”.

Göygöl rayonundan Fizuli Mirzəyev, Samir Mahmudov və Emilya Rəfibəyli yazırlar: “Hörmətli cənab Prezident, Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və xəstəlikdən ölüm halları dəfələrlə çoxdur. Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız buna bariz nümunədir. Bütün bunlara görə Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun kollektivi adından Sizə, eyni zamanda, Sizinlə çiyin-çiyinə çalışan, xalqına diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirik. Biz də öz üzərimizdə çalışaraq hər zaman Prezidentimizə, dövlətimizə və xalqımıza şərəflə, layiqli şəkildə xidmət edəcəyik. “Biz birlikdə güclüyük!” çağırışınız işimizdə bizlərə stimul olacaq”.

Füzuli rayonundan Mübariz Bayramov, Kamran Qasımov, Vüsal Baratlı, Afərim Abbasova, Aminə Quliyeva, Vilayət Sadıqov və Kənan Məmmədli yazırlar: “Möhtərəm cənab Prezident, biz - cəbhə bölgəsində yaşayan məcburi köçkünlər inanırıq ki, Sizin sayəsində koronavirus epidemiyasına tezliklə qalib gələcəyik. Tapşırığınıza əsasən yaşı 65-dən yuxarı vətəndaşlara, o cümlədən imtiyazlı ailələrə ərzaq yardımlarının verilməsi, yüz minlərlə işsiz və aztəminatlı ailəyə karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilməsi sübut edir ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Allah Sizi və ailənizi qorusun!”.

Ağdam rayonundan Nargilə Məmmədova: “Hörmətli cənab Prezident, Ağdam rayonundan məcburi köçkün olduqdan sonra 6 nəfərlik ailəmlə Yevlax rayonunun ərazisində məskunlaşmışdıq. Daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Respublikanın belə çətin günlərində ailəmiz yenə Sizin qayğınızı gördü. Bu günlərdə yeni evlə təmin olunmağımız hər birimizin böyük sevincinə səbəb oldu. Allah da Sizi və xalqımızı sevindirsin, daim üstünüzdə yar olsun! Bu qayğıya görə ailəmizin adından Sizə minnətdarlığımızı bildirir, bol uğurlar arzulayıram”.

Abşeron rayonundan Tural Hüseynzadə: “Hörmətli cənab Prezidentimiz, COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşını almaq məqsədilə xalqımızın sağlamlığını ön plana alaraq çəkdiyiniz zəhməti yüksək qiymətləndirir və Sizə yeni uğurlar arzu edirik. Biz virusdan qorunmaq ucun evdə oturduğumuz zaman Siz bizim sağlamlığımız üçün əvvəlkindən daha çox çalışmaqda davam edirsiniz. Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da Sizinlə birlikdə çalışır. Bütün bunlar üçün Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma dərin təşəkkürümü bildirirəm”.

Zərdab rayonunun sakinləri Aqil İbadov, İlhamə İbadova, Ramal İbadov, Jalə İbadova və Tünzalə Cəbrayılova yazırlar: “Hörmətli cənab Prezident, Siz ulu öndər Heydər Əliyev məktəbinin yetirməsisiniz. Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz ilk gündən apardığınız uğurlu siyasət nəticəsində ölkəmizin qüdrəti gündən-günə möhkəmlənir, regionlarımız inkişaf edir.

Cənab Prezident, ölkə vətəndaşlarının rifahının daim yüksəlməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atdığınız addımlar etibarlı sabahımıza hesablanıb. Bu addımlar xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır. Bütün dünyanı ağuşuna alan koronovirusla mübarizədə xalqımızın yanında olmağınız Sizin Vətənə bağlılığınızın sübutudur. Bu bəlanın qarşısının alınması üçün həyata keçirdiyiniz addımlara, ölkə vətəndaşlarına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə Sizə və Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk. Mən və ailə üzvlərim Sizin siyasətinizi dəstəkləyir və daim Sizinlə birlikdə olduğumuzu bildiririk”.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Balakən rayon şöbəsinin üzvləri A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev yazırlar: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətimiz güclənməklə yanaşı, öz müsbət imicini gündən-günə daha da artırır. Planetimizə qatı duman kimi çökən koronavirusla mübarizə tədbirlərinin səmərəli təşkili və məqsədyönlü fəaliyyətiniz bu istiqamətdə növbəti addım oldu. Bu işləri biz zabitlər də yüksək qiymətləndiririk. Hər bir göstəriş və çıxışlarınız alqışlayırıq. Siz hər bir vətəndaşa doğma və dayaq olduğunuzu bir daha sübut etdiniz. Siz xalqımızın sağlamlığı naminə ölüm kabusu ilə çarpışan həkimlərimizin əməyinə layiqli qiymət verdiniz. Siz, eyni zamanda, ordumuzun güclənməsi, ehtiyatda olan veteranların və əlillərin, şəhid ailələrinin sosial ehtiyaclarının həlli üçün çox çalışırsınız. Biz Sizinlə birgə koronavirus, eləcə də torpaqlarımıza soxulan erməni virusu üzərində parlaq qələbə qazanacağıq.

Möhtərəm Ali Baş Komandan, Sizə bu çətin anlarda böyük iradə və möhkəm cansağlığı arzulayırıq”.

Masallı şəhərinin sakini Xanməd Həşimov: “Əziz Prezidentimiz, dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Baxmayaraq ki, bir çox böyük və güclü ölkələr ağır vaxtda xalqının sağlamlığından çox dövlətinin iqtisadiyyatını fikirləşdilər, Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Hər çıxışınızdan, müraciətinizdən, atdığınız hər addımınızdan güc-qüvvət aldıq. Sizin sayənizdə dünya Azərbaycan Respublikasının gücünün bir daha şahidi oldu.

Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Azərbaycanı çiçəkləndirir, inkişaf etdirir və zənginləşdirirsiniz. Əhalinin rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su, təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri və xalqa saymaqla bitməyən digər xidmət nümunələri vardır. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə sonsuz hörmətimi və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və Vətənimizi qorusun”!.

Şirvan şəhərindən Rəşad Qafarov: “Hörmətli cənab Prezident, dünyanın hər yerində koronavirus bəlasının tüğyan etdiyi zamanda Sizin Azərbaycan xalqının rifahı, xoşbəxtliyi və sağlamlığı naminə atdığınız qətiyyətli addımlar əvəzedilmezdir. İnsanlara edilən yardım aksiyaları qayğınızın həddi-hüdudunun olmadığını bir daha göstərir. Sizin Azərbaycanın inkişafı uğrunda qətiyyətli addımlarınıza xalqımız tam dəstək verir. Bu birlik var olduqca millətin qəhrəman ruhunu heç bir qüvvə sarsıda bilməz. Allah Sizi qorusun, işlərinizdə, həyatınızda Sizə yeni uğurlar nəsib etsin!”.

Bakı şəhərindən müəllim Sədaqət Həsənova: “Hörmətli cənab Prezident, artıq uzun müddətdir ki, koronavirus adlanan qorxunc düşmən dünyanın ən nəhəng dövlətlərini belə diz çökdürüb. Bu xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Lakin bu virusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində bu bəlaya qarşı kəskin mübarizə başlandı. Azərbaycanımızda ilk olaraq bu bəlanın qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiniz. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar maliyyə yardımı etdi. Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir. Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən az itki verən dövlətlər sırasındayıq. Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə maddi və ərzaq yardımları edildi. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur.

Cənab Prezident, məktəblər müvəqqəti bağlansa da, biz müəllimlər xüsusi proqramlarla dərslərimizi davam etdiririk və bu işləri axıra kimi görəcəyik. Sizin “Mən hər bir azərbaycanlının Prezidentiyəm” sözləriniz bu gün də özünü təsdiq etdi. Biz ziyalılar həmişə olduğu kimi, bu gün də Sizin yanınızdayıq. Biz Sizə inanırıq və Sizinlə bu gözəgörünməz düşmənə qalib gələcəyik. Pis günün ömrü az olur və çətinliklər tezliklə geridə qalacaq. Sizin rəhbərliyinizlə qarşıda bizi gözəl günlər gözləyir. Ulu Tanrı Sizi qorusun!”.

Şəmkir rayonundan Binnət Namazov və Dursun Quliyeva: “Möhtərəm cənab Prezident, mənim 68, həyat yoldaşımın 65 yaşı var. Bu çətin, xəstəliyin tüğyan etdiyi bir dövrdə ahıl insanlara göstərdiyiniz qayğı dünyaya örnək olacaq addımdır. Sizin "Biz birlikdə güclüyük!" çağırışınıza əməl etməklə vətəndaşlarımız çətinlik və bəlalara qarşı mübarizədə Sizinlə həmrəy olduqlarını, ətrafınızda sıx birləşmək əzmlərini bir daha nümayiş etdirdilər. Bütün bunlar sübut edir ki, apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Siz xalqın qəlbində əbədi yer tutmuş insansınız. Biz şanslıyıq ki, Sizin kimi müdrik və uzaqgörən bir rəhbərimiz, qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən Prezidentimiz var. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma ailəmiz adından təşəkkürümüzü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirik. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!”.

Gəncə şəhərindən tələbə Oktay Məmmədzadə: “Möhtərəm cənab Prezident, koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünya ölkələri çətinlik çəkir. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz sayəsində bu gün ölkəmiz bu virusla mübarizədə yüksək nəticə göstərir və demək olar ki, biz bu görünməz düşmənə qalib gəlmişik. Sizin iqtisadi və siyasi sahələrdə yürütdüyünüz düzgün siyasət, həyata keçirilən qabaqlayıcı tədbirlər xalqımızın bu bəladan az itkilərlə çıxmasına səbəb oldu. Siz bu çətin pandemiya dövründə də Azərbaycan xalqının sağlamlığını düşünürsünüz. Bizdə Sizinlə fəxr edirik.

Cənab Prezident, belə bir vəziyyətdə xalqın yanında olduğunuz üçün Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm”.

Ağdaş rayonundan Fərid Rəhimli: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, hər zaman Azərbaycan xalqını düşündüyünüzə, onun qayğısına qaldığınıza, qətiyyətli addımlar atdığınıza görə bir hərbçi və sıravi vətəndaş kimi Sizinlə qürur duyur, fəxr edirəm. Biz Sizinlə güclüyük və daim güclü olacağıq. Xalqımız üçün etdiyiniz fədakarlığa görə minnətdarlığımı bildirərək hər zaman əmrinizə müntəzir olduğumu bildirirəm”.

Bərdə rayonundan Nəbi Əsədov: “Hörmətli cənab Prezident, mən bu məktubumla Sizin siyasətinizi dəstəklədiyimi, gördüyünüz işlərlə qürur duyduğumu bildirmək istəyirəm. Bu çətin günlərdə xalqımızı qoruduğunuza, onun qayğısına qaldığınıza görə Siz mənim qəhrəmanımsınız. Mən Şuşadan məcburi köçkün olsam da, Şuşanı görməmişəm. Bərdə rayonunda məskunlaşmışam. Amma əminəm ki, qəhrəman Prezidentimin sayəsində ata-babalarımın yurdu Şuşanı görəcəyəm və orada bayrağımızı dalğalandıranlardan biri olacağam. Sizə inanırıq, güvənirik, cənab Prezident”.

Zaqatala rayonunun sakini: “Hörmətli cənab Prezident, Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçılarınızıq. Gənclər ictimai həyatda çox fəal rol oynayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar.

Cənab Prezident, pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Siz bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiniz, yaranmış vəziyyəti ciddi nəzarətə aldınız. Bir gənc olaraq Sizin bütün qərarlarınıza, addımlarınıza görə Sizə təşəkkür edir və Sizinlə qürur duyuruq”.

 

DİGƏR Xəbərlər Arxiv