YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli-mənəvi dəyərlər və təhsil

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Müstəqil Azərbaycanın davamlı inkişafını təmin edən əsas amillərdən biri milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin sağlam dünyagörüşü əsasında yetişdirilməsi və cəmiyyətdə mənəvi həmrəyliyin möhkəmləndirilməsidir. Bu baxımdan dövlətin təhsil və dini-mənəvi sahələrdə həyata keçirdiyi siyasət bir-birini tamamlayan mühüm istiqamətlər kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər də güclü dövlətçilik təfəkkürünün, milli birliyin və milli maraqların qorunmasının ölkəmizin gələcək inkişafında əsas yer tutduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı Azərbaycanın yeni geosiyasi şəraitdə qarşıya qoyduğu hədəfləri müəyyənləşdirməklə yanaşı, cəmiyyətin ideoloji dayanıqlığının və dövlətçilik dəyərlərinə bağlılığının əhəmiyyətini də ön plana çıxarır. Bu mənada ideoloji təhlükəsizlik yalnız dövlətin sərhədlərinin və milli maraqlarının qorunması deyil, eyni zamanda, gənc nəslin milli kimlik, vətənpərvərlik, məsuliyyət və sağlam mənəvi dəyərlər əsasında formalaşdırılmasıdır.

Bu məqsədlərin həyata keçirilməsində təhsil sistemi mühüm rol oynayır. Məktəb yalnız bilik və bacarıqların öyrədildiyi məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, cəmiyyətə münasibətinin və davranış mədəniyyətinin inkişaf etdiyi mühüm tərbiyə mühitidir. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi də bu mühitin vahid prinsiplər əsasında təşkilinə xidmət edir. Məktəbdə vahid geyim yanaşmasının tətbiqi şagirdlər arasında ümumi nizam-intizamın, təşkilati qaydaların və təhsil mühitinə uyğun davranış mədəniyyətinin möhkəmləndirilməsinə şərait yaradır. Eyni zamanda, bu yanaşma məktəbin əsas məqsədinin təlim və tərbiyə olduğunu ön plana çıxarır, şagirdlərin diqqətinin zahiri fərqlərdən daha çox bilik əldə etməyə və şəxsi inkişaflarına yönəlməsinə kömək edir.

Azərbaycan Respublikasının qanunvericiliyində də bu məsələlərə dair hüquqi çərçivə müəyyən edilmişdir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa 2026-cı il 7 iyul tarixində edilmiş dəyişikliklərlə təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyən olunması və dövlət ümumi təhsil müəssisələrində həm təhsilalanların, həm də təhsilverənlərin geyim qaydalarına riayət etməsi qanunvericilik səviyyəsində təsbit olunmuşdur. Həmin dəyişikliklər məktəblərdə geyim məsələsinə vahid hüquqi yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarı ilə isə şagirdlərin geyim formalarına dair mövcud qaydalara əlavə və dəyişikliklər edilmişdir. Yeni tələblərə əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan geyim elementlərindən istifadəyə yol verilmir. Bununla yanaşı, xalqımızın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilməsinə imkan yaradılır. Valideynlərin də övladlarının geyim qaydalarına riayət etməsini təmin etmək məsuliyyəti müəyyənləşdirilir. Bu müddəalar məktəbdə nizam-intizamın gücləndirilməsi ilə yanaşı, milli mədəniyyətimizin təbliği və qorunması üçün də hüquqi əsas yaradır.

Burada mühüm məqam ondan ibarətdir ki, dünyəvi təhsil prinsipi ilə milli-mənəvi dəyərlərin qorunması bir-birinə zidd anlayışlar deyil. Azərbaycan dünyəvi dövlət olaraq dini etiqad azadlığına, müxtəlif mədəniyyətlərə və dini konfessiyalara hörmət prinsiplərinə əsaslanır. Məktəblərdə geyimlə bağlı qaydaların tətbiqi də qanunvericiliklə müəyyən edilmiş təhsil mühitinin qorunmasına xidmət edir. Bu qaydalar cəmiyyətin dini dəyərlərinə qarşı münasibət kimi deyil, dövlət təhsil sisteminin dünyəvi xarakterinə, vahid təşkilati mühitə və ümumi tələblərə riayət olunması kontekstində qiymətləndirilməlidir. Əsas məqsəd uşaqların keyfiyyətli təhsil alması, sağlam dünyagörüşü qazanması və milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişməsidir.

Dini-mənəvi sahədə dövlət siyasətinin digər mühüm istiqaməti din xadimlərinə və dini qurumlara göstərilən qayğı, dini təhsil imkanlarının inkişafı və İslam həmrəyliyinin təşviqidir. 2020–2026-cı illər ərzində bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanın dini müxtəlifliyə hörmət, tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyini göstərir. Dövlət dini qurumların fəaliyyətinə dəstək verir, dini-mənəvi dəyərlərin qorunmasına, cəmiyyətdə qarşılıqlı hörmətin və mənəvi həmrəyliyin gücləndirilməsinə diqqət yetirir. 2026-cı il yanvarın 7-də Prezident İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında imzaladığı sərəncam da bu siyasətin davamlı xarakter daşıdığını təsdiqləyir. Sərəncamda həm İslam, həm də digər dini konfessiyaları təmsil edən qurumlara maliyyə dəstəyinin ayrılması nəzərdə tutulmuşdur.

Dini təhsil sahəsində görülən işlər də xüsusi əhəmiyyət kəsb edir. Dini biliklərin qanunvericiliyə uyğun şəkildə öyrənilməsi, dini təhsil müəssisələrinin fəaliyyəti üçün hüquqi əsasların müəyyən edilməsi və din xadimlərinin peşəkar hazırlığı dini-mənəvi mühitin sağlam əsaslar üzərində inkişafına xidmət edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dini təhsilin təşkili, dini təhsil müəssisələrinin yaradılması və bu sahədə fəaliyyətin hüquqi tənzimlənməsi ilə bağlı müddəalar yer alır. Bu yanaşma dini biliklərin düzgün öyrənilməsinə, ənənəvi dini dəyərlərin qorunmasına və zərərli ideoloji təsirlərin qarşısının alınmasına mühüm töhfə verir. Dini maarifləndirmə işinin gücləndirilməsi, xüsusilə gənclərin dini məsələlər barədə düzgün və etibarlı məlumat əldə etməsi cəmiyyətin mənəvi təhlükəsizliyi baxımından vacibdir. Azərbaycanın beynəlxalq miqyasda İslam həmrəyliyinin təşviqinə verdiyi töhfələr də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ölkəmiz müxtəlif dini və mədəni ənənələrə malik xalqlar arasında dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın inkişafına ardıcıl dəstək göstərir. 2026-cı ilin sentyabrında Bakıda Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin toplantısının və Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi Azərbaycanın dini-mədəni dialoq üçün mühüm platforma olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin beynəlxalq nümayəndə heyətləri ilə görüşü zamanı bu tədbirlərin əhəmiyyətinin ön plana çıxması ölkəmizin İslam dünyasında əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin göstəricisidir.

Beləliklə, məktəblərdə geyim qaydalarının hüquqi əsaslarla tənzimlənməsi, dünyəvi təhsil mühitinin qorunması, milli-mənəvi dəyərlərin təbliği, dini qurumlara dövlət qayğısı və İslam həmrəyliyinin təşviqi vahid məqsədə — güclü, sağlam düşüncəli və mənəvi baxımdan dayanıqlı cəmiyyətin formalaşdırılmasına xidmət edir. Azərbaycan dövlətinin siyasətində həm milli kimliyin qorunması, həm də dini və mədəni müxtəlifliyə hörmət əsas prinsiplər kimi çıxış edir. Bu prinsiplərin ardıcıl həyata keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə, ictimai həmrəyliyin möhkəmlənməsinə və ölkəmizin müstəqil inkişaf yolunda yeni uğurlar qazanmasına möhkəm zəmin yaradır.

DİGƏR Xəbərlər Arxiv