YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Laos: ortaq siyasi iradə gələcək əməkdaşlığın yol xəritəsini müəyyən edir

Bədəl Bədəlov

Milli Məclisin deputatı

Azərbaycanın xarici siyasətində müxtəlif regionlardan olan ölkələrlə əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqların inkişaf etdirilməsi xüsusi yer tutur. Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin oktyabrın 13-də Azərbaycana rəsmi səfəri də bu baxımdan diqqət çəkir. Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər iki ölkə arasında mövcud siyasi münasibətlərin iqtisadi, humanitar və digər sahələrdə daha geniş əməkdaşlığa çevrilməsi üçün əlverişli imkanlar yaradır.

Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi, bu gün qəbul edilmiş Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. 30 ildən artıqdır davam edən diplomatik münasibətlər, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında əməkdaşlıq Azərbaycan-Laos münasibətlərinin möhkəm siyasi təmələ söykəndiyini nümayiş etdirir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri də ikitərəfli əlaqələrin tarixində xüsusi yer tutur.

Azərbaycan və Laosun beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi qarşılıqlı dəstək də münasibətlərin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı siyasi dialoqun qorunması, ortaq maraqların uzlaşdırılması və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi xüsusi önəm daşıyır. Bu baxımdan, iki ölkənin mövcud siyasi təmasları yalnız ikitərəfli münasibətlərin deyil, həm də beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar yaradır. Qarşılıqlı hörmətə və dövlətlərin suverenliyinə əsaslanan bu yanaşma Azərbaycanla Laos arasında dostluq münasibətlərinin daha davamlı xarakter almasına xidmət edir.

Siyasi münasibətlərin mövcud səviyyəsi iqtisadi əlaqələrin də genişləndirilməsini zəruri edir. Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı investisiya imkanlarının araşdırılmasına və konkret layihələrin müəyyənləşdirilməsinə töhfə verəcəkdir.

Azərbaycanın xarici ölkələrdə investisiya fəaliyyətinin genişlənməsi Laosla əməkdaşlıq üçün də yeni perspektivlər yaradır. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması hər iki tərəfin iqtisadi maraqlarına xidmət edəcək. Bunun üçün qarşılıqlı təkliflərin konkret layihələrə çevrilməsi, biznes dairələri arasında təmasların artırılması və mövcud imkanların sistemli şəkildə qiymətləndirilməsi vacibdir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir: “Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Milyardlarla dollar səviyyəsində olan sərmayələr, əlbəttə ki, həm bizim imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır”.

Əməkdaşlığın digər perspektivli istiqamətlərindən biri nəqliyyat-logistika sahəsidir. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının nəzərdən keçirilməsi Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından maraq doğurur. Azərbaycanın formalaşdırdığı nəqliyyat infrastrukturu bu istiqamətdə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Gələcəkdə yükdaşımaların artırılması və yeni logistika əlaqələrinin qurulması qarşılıqlı faydalı nəticələr verəcəkdir.

Humanitar sahədə isə təhsil əməkdaşlığının bərpası xüsusi diqqət çəkir. Sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında mövcud tarixi əlaqələrin maraqlı səhifəsidir. Laoslu gənclər üçün təqaüd imkanlarının yaradılması həmin ənənənin davam etdirilməsinə, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmlənməsinə xidmət edə bilər. Bundan başqa, mina təhlükəsi ilə mübarizə iki ölkənin təcrübə mübadiləsi apara biləcəyi mühüm sahələrdəndir. Münaqişələrin ağır nəticələri ilə üzləşmiş hər iki ölkənin bu istiqamətdə bilik və təcrübəsini bölüşməsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması baxımından əməkdaşlıq faydalı olacaqdır.

Beləliklə, Laos Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri iki ölkə münasibətlərinin yeni məzmunla zənginləşdirilməsi üçün zəmin yaradır. Siyasi dialoqun iqtisadi, nəqliyyat və humanitar təşəbbüslərlə tamamlanması tərəfdaşlığın daha da möhkəmlənməsinə imkan verəcək. Qarşılıqlı etimad və siyasi iradə ilə yanaşı, əldə olunmuş razılaşmaların konkret layihələrdə təcəssüm tapması bu əlaqələrin gələcək inkişafını müəyyən edən əsas amil olacaqdır.