Xəbərlər
Elman Nəsirov: Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə yoxsa inqilab?
Elman Nəsirov
Milli Məclisin deputatı, YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər dolktoru, professor
Artıq dördüncü aydır ki, COVİD-19 pandemiyası dünyanın gündəliyini müəyyən edən əsas məsələyə çevrilmişdir. Dünya gündəliyinin digər aktual məsələləri “strateji pauza” mövqeyindədir. Pandemiyanın səngiməsi və sonrakı “təslim”i reallığında “strateji pauza”nın pozulması labüddür. Bu halda nə qədər paradoksal olsa da belə, tarixə çevrilmiş koronavirus mərhələsinin postkoronavirus dövrünün də siyasi, iqtisadi və təhlükəzsizlik gündəliyini formalaşdıran əsas amillərdən birinə çevriləcəyi şübhə doğurmur. Məsələyə bu kontekstdə yanaşdıqda koronavirusaqədərki münaqişələrin tənzimlənməsi prosesində müəyən intensivliyin müşahidə olunacağını proqnozlaşdırmaq mümkündür. Mümkünlüıyü istisna olumayan digər həqiqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni reallıqların ortaya çıxması ilə bağlıdır. Haqqında bəhs edəcəyimiz bu yeni reallıqlar münaqişənin həlli prosesində həm sülh, həm də müharibə versiyasının, bəlkə də, heç bir zaman olmadığı səviyyədə aktuallığını artırmışdır. Ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini postpandemiya dövrünün yeni reallıqları şərtləndirir. Fikrimizi əsaslandırmağa çalışaq. Bu məqsədlə münaqişənin həlli perspektivləri ilə birbaşa əlaqəsi olan bir neçə vacib hadisənin üzərində xüsusi olaraq dayanaq.
Birincisi, aprelin 16-da eks-prezident Serj Sarkisyan 5 saat ərzində 2016-cı ilın aprel döyüşlərində Ermənistanın biyabırçı məğlubiyyətini şərtləndirən vəziyyətı araşdıran xüsusui “deputat komissiyası” qarşısımda ittihamlara cavab verməli olmuşdur. Komissiyanın rəhbəri “Mənim addımım” adlı hakim blokdan olan deputat Andranik Koçaryandır. Bu faktın özü artıq xeyli mətləblərə işıq saçır. Faktiki olaraq Paşinyan hakimiyyətinin bu ilin iyun ayında “deputat komissiyası”nın işini yekunlaşdırıb, Serj Sarkisyanı da Robert Köçəryanın yanına-məhbəsə göndərəcəyinə həm Ermənistanda, həm də işğal altındakı Dağlıq Qarabağda ictimai fikir hazırlanmaqdadır. Bu realıq Ermənistan və Dağlıq Qarabağ klanları arasında dərinləşməkdə olan mübarizəyə yeni ştrixlər əlavə edə bilər. Bu yeni ştrixləri şərtləndirən digər vacib hadisə üzərində də xüsusi olaraq dayanaq. Beləliklə, ikincisi, Dağlıq Qarabağda separatçı rejimdə keçirilən qondarma “prezident seçkisi”nin qalibi statusuna, 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Araik Arutunyan yüksəldilmişdir. Aprelin 19-da baş nazir Nikol Paşinyan onu İrəvanda qəbul edib təbrik etmişdir. Onu da xüsusi olaraq vurğulayaq ki, dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü də bu qondarma “seçkilər”in nəticələrini tanımamışdır.
Onu da qeyd edək ki, Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyildir. O iki hissəyə: Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünmüşdür. Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Bu halda Nikol Paşinyanın “parçala, hökm sür” klassik prinsipinə istinad edərək klanın bir hissəsinin mənafeyini nəzərə alıb, onların təhlükəsizliyinə və gəlirlərinə zəmanət verməklə, qeyri-loyal olan digər qanadına qarşı amansız mübarizə aparacağını söyləmək mümkündür. Daha sonra isə dəstək verdiyi hissənin öz daxilində də yenidən təmizləmə kampaniyası aparacağı labüd görünür. Bu prosesin Qarabağ klanı daxilində tam loyal təbəqənin formalaşacağı zamanadək aparılacağı şübhə döğurmur. Məqsəd bu klanı təkləyib, hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Məsələyə bu kontekstdə yanaşdıqda Qarabağ klanının zirvəsində olmuş şəxsin- separatçı rejimin keçmiş “prezident”i Bako Saakyanın nümayişkəranə şəkildə həbsinin olacağı istisna olunmur. Bu həmin klanın “ipə-sapa yatmayan” iddialı simalarına ibrət dərsi vermək anlamını özündə əks etdirən addım ola bilər.
Üçüncüsü, aprelin 21-də Rusiyanın xarici işlər naziri Sergey lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videoformatda keçirilən görüşündən öncə M.Qorbaçov Fondunun təşkil etdiyi dəyimi masada çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirmişdir ki, “danışıqlar masası ətrafında Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən sənədlər müzakirə olunur və həmin sənədlərin imzalanması BMT TŞ-nın məlum qətnamələrinin icra olunmasında mühüm addım olardı.”
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu bəyanatı Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac vermişdir. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlıər həqiqəti əks etdirmir və dezinformadiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti ilk növbədə Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər, səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyan Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab oluna bilər. Bundan savayı, baş nazir Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və həmin kadrlarda onun tez-tez öskürməsi, butulkadan su içməsi və bu konteksdə onun kononavirus daşıyıcısı olmasını təbliğ edən video görüntülərin sosial şəbəkələrdə yayılması əslində hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun fəlakətli səviyyədə aşağı düşməsinin göstəricisi hesab oluna bilər.
Dördüncüsü, Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsi sonuncunun radikal və rikorikaya söykənən davranışını şərtləndirmişdir. Zöhrab Mnatsakanyan bəyan etmişdir ki, yalnız 2014 və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olmuş, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməmişdir. Hal-hazırda danışıqlar stolunda heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistam heç bir birtərəfli güzəştlərə getməyəcəkdir və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz. Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kovrək olan danışıqlar prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürüst fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçı obrazınınin ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış etmişdir. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalq “ının müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”. Qondarma rejimin rəhbəri oz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümükün hücüm əməliyyatlarına qarşı qeyri-mütənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.
Göründüyü kimi, Ermənistan rəhbərliyi və onun himayəsində olan separatçı rejimin münaqişənin həlli ilə bağlı mövqeyi koronaviris dövrü kəsiyində artan hərbi ritorikası ilə seçilməkdədir. Belə isə postkoronavirus dövrü münaqişənin həlli ilə bağlı hansı perspektivləri vəd edi? Əslində biz ikinci dəfə bu ritorik suala qayıdırıq. Yuxarıda təqdim və təhlil etdiyimiz hadisə və proseslər əslində bu mürəkəb suala cavab vermək üçün baza yaratmaq məqsədi daşıyırdı.
Beləliklə, yuxarıda apardığımız təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edə bilərik. Bu variantı şərtləndirən əsas amil koronavirus pandemiyasının yaratdığı yeni dünya iqtisadi böhranı və onun Ermənistan üçün dağıdıcı iqtisadi fəsadları ilə bağlıdır. Təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Onsuz da kasıb həyat tərzi sürən erməni əhalisinin dilənçi kökünə düşməyəcəyinə inananlar barmaq sayı qədər qalıbdır. Belə hallarda Ermənistana dayaq olan erməni lobbisi də özünün pis günlərini yaşayır. Xüsusilə Rusiyadakı erməni mənşəli kiçik və orta biznes nümayəndələrinin başı öz haylarına qarışdığından, onların həmvətənlərinə maddi dəstək göstərmək imkanları qeyri-realdır. İstənilən halda koronavirus pandemiyasının birbaşa təsiri altında Ermənistanın əvvəlki kimi xaricdən maliiyə dəstəyi almaq imkanları dəfələrlə məhdudlaşacaq. Bu proses artıq başlanmışdır. Bu vəziyyət Nikol Paşinyanı ədədi deyil, həndəsi silsilə ilə seyrələn sosial dayaqlardan tam məhrum etmiş ola bilər .Bu halda Nikol Paşinyanın yubanmadan təxirəsalınmaz addımlar atması tarixi zərurətə çevrilər. Şekspir dilemması qarşısında onun manevr imkanlarının heç zaman olmadığı səviyyədə daralması uzaq olmayan perspektivdə Nikol Paşinyanı siyası intiharını şərtləndirə bilər. Siyasi labirintə düşən Nikol Paşinyanın yeni şəraitdə “buz”unun “əriməsi” yeganə fizki və siyasi nicat yolu kimi alternativsiz variant təsiri bağışlayır. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarını geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu haqda dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər.
Gec olacağı təqdirdə ikinci variant-müharibə versiyası alternativsiz görünür. Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çokməsi millətçilik dalğasının yüksəlməsinə və “xaici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biyabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Aprel döyüşlərindən sonra səsləndirdiyi “Biz əgər Aprel döyüşləri zamanı malik olduğumuz müasir silahların yalnız cüzi bir hissəssindən istifadə etdik, əgər bütün silahları işə salsaydıq, Ermənistanda daş-daş üztə qalmazdı,”-fikirləri bu gün də Nikol Paşinyanın “yuxusuna haram qatmaqdadır”. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücüma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.
Beləliklə, yuxarıda apardığımız təhlil, analız və siyasi qiymətləndirmələr belə bir qənaətə gəlməyə imkan verir ki, COVİD-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya “göyərçin”obrazına, ya da “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də, postpandemiya dövrünwn başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə “məxməri” olmaya da bilər...