Xəbərlər
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı
“Prezident İlham Əliyev növbəti dəfə humanist addım ataraq dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan yaşı 65-dən yuxarı məhkumların ailə üzvlərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq 6 aprel 2020-ci il tarixdə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən 176 nəfər məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzalarının çəkilməmiş hissəsindən azad edildilər”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır: "Yaşadığımız bu çətin günlərdə cənab Prezidentin bu sərəncəmı çox sayda ailələrə sevinc bəxş etdi. Bu günə kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox Azərbaycan vətəndaşı əfv edilib.
Bu sərəncam və koronavirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirləri bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sağlamlığı və sosial-rifah halının yüksəkdə olması durur".