YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Heydər Əliyev və yeni cəmiyyət modeli» mövzusunda konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə «Heydər Əliyev və yeni cəmiyyət modeli» mövzusunda konfrans  keçirilib. Konfrans iştirakçıları əvvəlcə. Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək dərin ehtiramlarını ifadə ediblər. Görkəmli oftalmoloq  alim, akademik Zərifə Əliyevanın xatirəsi dəehtiramla yad edilib.   Konfransda YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, dövlət və hökumət nümayəndələri, partiya fəalları iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Ulu öndər  Heydər Əliyevin məzarını ziyarət etmək, Onun xatirəsini anmaq Azərbaycanda ənənəyə çevrilib. Onun fikrincə, bu, Ümummilli liderimizə  xalqın hörmət və ehtiramının ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanda  formalaşmış çox dəyərli dövlətçilik ənənəsidir: «Müstəqil dövlətin qurucusuna, Onun müəyyənləşdirdiyi siyasətə, əməyinə, zəhmətinə hər bir vətəndaşın hörmət və ehtiram bəsləməsi dövlətçiliyin dayaqlarının möhkəmləndirilməsinə birbaşa dəlalət edir. Məmnunluq hissi ilə demək istəyirəm ki, Azərbaycan xalqı Heydər Əliyevin müstəqil dövlətimizin yaranması istiqamətində göstərdiyi fədakar əməyinə, Onun şəxsiyyətinə böyük ehtiram bəsləyir. YAP Heydər Əliyevin yaratdığı siyasi təşkilat olaraq xalqın bu  hisslərini ifadə  edərək Ümummilli lider Heydər Əliyevin  xatirəsini həmişə uca tutur. Hesab edirəm ki, bu, 600 min nəfərlik YAP-ın hər bir üzvünün müqqədəs borcudur. Bu gün də, Heydər Əliyevin doğum günü ərəfəsində də, YAP üzvləri Heydər Əliyevin şəxsiyyətinə, Onun müəyyənləşdirdiyi siyasətə özünün dərin hörmət  və ehtiramını ifadə edir. Hesab edirəm ki, bu amil Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlar qazanmasına töhfə verən amillərdən biridir. Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz daim inkişaf edəcək və bu inkişaf Azərbaycan xalqına xidmət etmiş olacaq». 

YAP-ın  artıq 12-ci ildir ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ərəfəsində bu formatda böyük konfranslar keçirdiyini xatırladan Əli Əhmədov hazırki konfransın «Heydər Əliyev və yeni cəmiyyət modeli» adlandığını diqqətə çatdırıb. «Bu mövzunun müəyyənləşməsinin səbəbi Heydər Əliyev siyasətinin bütün sferalarda fundamental dəyişikliklərə əsas yaratdığı kimi, eyni zamanda, cəmiyyətin yeni modelinin formalaşması üçün də etibarlı  mənbə olduğunu dərk etməyimizlə əlaqədardır. Heydər Əliyev respublikamız müstəqillik əldə etdikdən sonra yeni Azərbaycan modelini yaratmaq uğrunda mübarizə aparırdı və təbii ki, yeni Azərbaycanın yaradılmasını cəmiyyətin yeni  modelinin formalaşmasından ayrıca təsəvvür etmək mümkün deyil. Bütövlükdə, yeni Azərbaycan bütün sferalarda, istər siyasətdə, istər iqtisadiyyatda, istər mənəvi münasibətlərdə, beynəlxalq münasibətlər sahəsində fundamental dəyişiklikləri özündə ehtiva etdiyi kimi, cəmiyyətin yeni modelinin yaradılmasını da şərtləndirir. Bu vacib amilləri nəzərə alaraq növbəti konfransımızı bu mövzuya həsr etdik. Güman edirəm ki, tədbir iştirakçılarının hər biri üçün yeni cəmiyyət modeli, onun strukturunu müəyyənləşdirən parametlər çox aydındır. Heydər Əliyevin baxışlarında yeni cəmiyyət modelininin əsas parametləri, prinsipləri özünün əksini tapır. Təbii ki, yeni cəmiyyət modeli dedikdə, hər şeydən əvvəl demokratik dəyərlər  və prinsiplər nəzərdə tutulur. Eyni zamanda, buraya azad cəmiyyət, vətəndaş cəmiyyəti prinsipləri də aiddir. Bu mühüm dəyərlərdir ki, Ulu öndər Heydər Əliyev tərəfindən yeni Azərbaycan cəmiyyəti modelinin formalaşmasının fundamental əsaslarını təşkil edir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyev yeni cəmiyyət modelini formalaşdırarkən, həm çinin, xüsusilə  sosial ədalət prinsipinə istinad edib. Onun sözlərinə görə, Ümummilli liderimiz üçün sosial ədalət təkcə insanların təminat sistemi ilə bağlı olmayıb: «Onun dünyagörüşündə sosial ədalət prinsipi bir az da geniş çevrə əhatə edibdir. Bu da ondan ibarətdir ki, vətəndlaşların  qanun qarşısında bərabərliyi təmin edilməlidir. Heydər Əliyev üçün cəmiyyətdə hər bir vətəndaşın bərabərliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Bir insan üçün məqbul olmayan bir məsələnin digər insana məqbul sayılması Heydər Əliyevin dünyagörüşünə sığmırdı. Yaxud, birinə qadağan olunan bir şeyin digərinə icazə verilməsi Heydər Əliyev dünyagörüşünə və ya sosial ədalət prinsipinə uyğun gəlmirdi. Qanunun  aliliyi, hər bir vətəndaşın qanun qarşısında bərabər olmasının təmin edilməsi Heydər Əliyev üçün daim önəm kəsb etmişdir». 

Baş nazirin müavini qeyd edib ki, yeni cəmiyyətin formalaşmasında fuundamental bəşəri dəyərlərlə yanaşı, milli-mənəvi dəyərlərin də nəzərə alınması mühüm məqamdır. Müasir Azərbaycan cəmiyyətinin ümumbəşəri dəyərlərə söykəndiyini deyən Əli Əhmədov cəmiyyət olaraq ölkəmizin dünya birliyinin layiqli üzvü olduğunu diqqətə çatdırıb. «Eyni zamanda, Azərbaycanın tarixinin, mədəniyyətinin, mentalitetinin nəzərə alınması, yeni cəmiyyət modelinin formalaşmasında çox mühüm məqamdır. Beləliklə, Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan yeni cəmiyyət modelinə sahib oldu. Bu elə bir cəmiyyətdir ki, insanlar rahat yaşaya bilirlər, təminat sistemi dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir. Vətəndaş üçün bərabər şəraitin yaradılması ən ümdə vəzifələrdən biridir. Bu amillər Prezident  İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərini təşkil edir. Bütün bunlar isə uğurlarımız üçün ciddi əsaslara çevrilib»- deyə, YAP Sədrinin müavini vurğulayıb. 
 AMEA-nın prezidenti, YAP Sədrinin müavini, akademik Akif Əlizadə «Heydər Əliyev: Şəxsiyyət və tarix münasibətlərinin dialektikası» mövzusunda çıxış edərək deyib ki, bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs üzrə sürətlə inkişaf edir: «Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən bir ölkədir. Sosial-iqtisadi tərəqqi ölkəmizdə elm və təhsilin, mədəniyyətin inkişafına da ciddi təsir göstərir. Bu istiqamət ölkə başçımız cənab İlham Əliyevin də intellektual inkişaf modelinə əsaslanan siyasətinin əsas prioritetlərindən biridir. Belə bir siyasətin nəticəsidir ki, ölkədə yüksək keyfiyyətli intellektual insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilib".

Milli Məclis sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxışında vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunduğu ilk illərdə Ümummilli lider Heydər Əliyev dövlətimizin inkişaf istiqamətini müəyyənləşdirdi: "Heydər Əliyev iqtisadiyyatın yenidən qurulmasına, iqtisadi inkişafın demokratiya ilə paralel aparılmasına zəmin yaratdı. O, demokratiyanın inkişafında qərb dövlətlərinin demokratik dəyərlərindən istifadəni də vacib hesab edirdi. O, eyni zamanda demokratikləşməni milli mənəvi dəyərlərimizin qorunması çərçivəsində aparılmasına çalışırdı. Ulu öndər müasir tələblərə cavab verən konstitusiyanın qəbul olunmasına da xüsusi önəm verirdi. Buna görə də o, konstitusiyasının hazırlanmasında demokratik dəyərlərin, insan hüquq və azadlıqların nəzərə alınmasını vacib sayırdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini yenicə əldə etmiş Azərbaycan dövləti üçün azad və demokratik seçkilərinin keçirilməsi də olduqca vacib idi. Buna görə də Heydər Əliyev demokratiyanın inkişafında plüralizm modelinin qurulmasını bir çox məruzələrində qeyd edib. Müasir dünyanda plüralizmin inkişaf etməsində siyasi partiyaların da rolu böyükdür. Təsadüfi deyil ki, hazırda respublikamızda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Demokratiya ümumbəşəri sərvətdir. Demokratiyanın təşəkkül tapması üçün iqtisadiyyatın, elmin inkişafı vacibdir. Azərbaycan da iqtisadiyyat və bir çox sahələrdə sahəsində dünyanın qabaqcıl ölkələrinə çevrilib".

 "21-ci əsrin sonlarında Şərqi Avropada baş verən dəyişikliklər demokratiya quruculuğuna yol açdı". Bunu isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxışı zamanı deyib: "Azərbaycanın keçdiyi inkişaf yoluna nəzərə salsaq, 90-cı illərin əvvəllərində baş verən siyasi böhran göz önünə gəlir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20% torpaqları işğal olunub. Belə bir anda Heydər Əliyev xalqın imdadına yetişdi. O dövrdə cəmiyyəti, ölkəni belə bir ağır vəziyyətdən çıxarmağa lider lazım idi. Azərbaycanı belə ağır vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilərdi. Cəmiyyətin formalaşmasında aktiv fəaliyyət göstərmək hər bir vətəndaşın borcudur. Müstəqillik illərində Azərbaycan beynəlxalq qurumlara qəbul edildi. Bu gün Azərbaycanda ailə modeli dünyada ən uğurli modellər sırasındadır. Azərbaycan qadını çətin və şərəfli inkişaf yolu keçib. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadınları gördükləri işlərlə heç də kişilərdən geri qalmayıb. Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində qadınların cəmiyyətdə rolu artdı".
 Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov «Heydər Əliyev ideyaları: İnkişafın uğurlu təməli» mövzusunda çıxış edib.