Xəbərlər
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
"Aprel döyüşləri müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Aprel döyüşləri göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil, düşmənə layiqli cavab vermək əzmində və gücündədir: "2016-cı il aprelin ayında Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı".
"Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Ümumiyyətlə, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə törədilmiş təxribatların qarşısının məharətlə alınması bunu əminliklə söyləməyə əsas yaradır. Bir sözlə, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək gücündədir və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək".
"Eyni zamanda, bəhs olunan döyüşlər erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Bütövlükdə, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir. Bu uğurlu hərbi əməliyyat Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini növbəti dəfə bariz şəkildə nümayiş etdirmiş oldu",- deyə YAP İcra katibinin müavini diqqətə çatdırıb.
Siyavuş Novruzov onu da qeyd edib ki, Azərbaycan həm Aprel döyüşləri zamanı əldə etdiyi şanlı qələbə ilə, həm də diplomatik müstəvidə qazandığı üstünlüklə həm Ermənistana, həm ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə belə bir mesaj verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz! Ermənistan işğalçı siyasətə son qoymalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, fundamental hüquqları pozulmuş, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan artıq soydaşımız öz doğma yurdlarına qayıtmalıdırlar. Bir sözlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".