Xəbərlər
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd İmamverdi İsmayılov seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyasının 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən parlament seçkilərində namizədi İmamverdi İsmayılov Sumqayıt şəhərində məskunlaşmış seçicilərlə növbəti görüşünü keçirib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev ölkəmizin parlament seçkiləri ərəfəsində olduğunu bildirib. Yeni Azərbaycan Partiyasının hər zaman xalqımızdan dəstək gördüyünü və qələbələr partiyası oloduğunu bildirən A.Haxverdiyev işğal altında olan Qubadlı rayonunun ictimaiyyətinin də bu prosesdə hər zaman fəal iştirakından bəhs açıb. Onun sözlərinə görə, dövlətimiz qaçqın və məcburi köçkün vətəndaşlarımızın həyat rifahının yüksəldilməsi istiqamətində davamlı işlər görür: "Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyimizin inkişafına xidmət göstərib. Partiyamızın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən irəli sürdüyü namizəd İmamverdi İsmayılov uzun illərdir ki, parlamentdə Qubadlı seçicilərini təmsil edir. Mən əminəm ki, Qubadlı seçiciləri ötən seçkilərdə olduğu kimi bu dəfə də öz seçimini düzgün edəcək və İmamverdi İsmayılova səs verəcəklər".
Daha sonra çıxış edən millət vəkilliyinə namizəd İmamverdi İsmayılov 1993-cü ildə öz yurd-yuvalarından didərgin düşmüş qubadlıların sosial problemlərinin Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində öz həllini tapdığını bildirib. İ.İsmayılov qeyd edib ki, parlamentdə 125 saylı Zəngilan-qubadlı seçki dairəsini təmsil etdiyi dövrdə hər zaman öz seçicilərinin yanında olub: "Dövlətimizin, hörmətli Prezidentimizin qayğısı, diqqəti nəticəsində bu gün bütün insanların sosial təminatı ilə bağlı işlər görülür, addımlar atılır. Dövlətimizin qayğısı nəticəsində bu gün çadır şəhərcikləri ləğv olunub. Mən inanıram ki, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və torpaqlarımız işğaldan azad olunacaq, sizlər öz yurd-yuvanıza qayıdacaqsınız".