YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamabadda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Pakistanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası və “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar keçirilib.

Tədbirlər Azərbaycanın Pakistandakı səfirliyi ilə bu ölkənin Milli Kitabxanası tərəfindən birgə təşkil olunub.

Pakistan Milli Kitabxanasının həyətyanı sahəsində keçirilən ağacəkmə aksiyasında Umummilli Liderin xatirəsinə ehtiram olaraq çinar ağacları əkilib, iştirakçılar kitabxanada Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Azərbaycanşünaslıq Mərkəzində yerləşən Heydər Əliyev guşəsinə baş çəkib, Ulu Öndərin həyat və fəaliyyətinə dair əyani materiallarla, kitab və şəkillərlə tanış olublar.

Ağacəkmə aksiyasından sonra Pakistan Milli Kitabxanasında “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar keçirilib.

Azərbaycanın və Pakistanın dövlət himnlərinin səsləndirilməsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan tədbirdə ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə hər iki milli liderin həyatlarını öz ölkələrinin tərəqqisinə və rifahına həsr etdiklərini, onların tariximizdə xüsusi yerə malik olduqlarını vurğulayıb.

Səfir cəmiyyət və ölkələrin tərəqqisi üçün milli liderlərin həyata keçirdikləri siyasətin önəmli hissəsindən birinin də təhsilin inkişafı və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsi olduğunu bildirib. Ə.Əlizadə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. Səfir müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatların ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.

Diplomat Heydər Əliyev Fondunun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binasının inşa edildiyini bildirib. Hazırda ölkəmizdə ibtidai və orta təhsilin icbari olduğunu, savadlılıq səviyyəsinin isə 99 faiz təşkil etdiyini deyən Əli Əlizadə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar və dost ölkələrlə təhsil sahəsində əməkdaşlıq etdiyini, həm xarici ölkə vətəndaşları üçün ölkəmizdə müxtəlif təhsil imkanlarının yaradıldığını, həm də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün digər ölkələrdə müvafiq sahədə həyata keçirilən müxtəlif layihələrə dəstək verildiyini diqqətə çatdırıb. “Biz Pakistanla təhsil sahəsindəki əməkdaşlığımıza da böyük əhəmiyyət veririk”, - deyən səfir Heydər Əliyev Fondu tərəfindən Müzəffərabadda tikilən məktəb, bu kitabxanada yaradılan Azərbaycanşünaslıq Mərkəzi, Milli Kitab Fondunda təsis olunmuş Nizami guşəsi, digər təqaüd, tədqiqat proqramları, gənclər üçün həyata keçirilən layihələr barədə məlumat verib.

Pakistan Federal Parlamentinin katibi və Milli Assambleyanın üzvü xanım Vaciha Əkrəm çıxış edərək belə əhəmiyyətli tədbirin keçirilməsinin məmnunluqla qarşılandığını vurğulayıb. O, Pakistanın Azərbaycan ilə bir çox sahələrdə yaxınlığının olduğunu, ölkəmizdən təhsil, tolerantlıq da daxil olmaqla, bir çox sahələri öyrənməyin vacibliyini qeyd edib. Bildirib ki, müasir müsəlman ölkəsi olan Azərbaycan İslam dünyasında model rolunoynayır. Pakistanın təhsil sistemi və hökumətin bu sahədə həyata keçirdiyi siyasət barədə məlumat verən V.Əkrəm ölkəsində təhsil sahəsində həyata keçirdiyi layihələrə görə Azərbaycana təşəkkür edib.

Pakistan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya Respublikaları və İqtisadi Əməkdaşlıq Təşkilatı İdarəsinin baş direktoru Məhəmməd Amar Aftab Qureşi çıxışında Pakistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə məlumat verib, Azərbaycan və Türkiyəni Pakistanla birgə böyük ailə hesab etdiklərini vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin və Muhəmməd Əli Cinnahın öz ölkələri ilə bağlı böyük arzularının olduğunu, daim ölkələrinin gələcəyini düşündüklərini söyləyib, Ulu Öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu və öz müasirlərindən fərqləndiyini qeyd edib. “Heydər Əliyev biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verib, onun həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təhsildə müasir standartları tətbiq edən qabaqcıl ölkəyə çevrilib. Dövlət də öz növbəsində vətəndaşların təhsilinə ciddi əhəmiyyət verir”, - deyə baş direktor vurğulayıb.

Milli Kitabxananın baş direktoru Qayur Hüseyn Azərbaycanın Pakistandakı səfirliyinə və iştirakçılara təşəkkür edib, hər iki ölkənin ümummilli liderlərindən təhsil mövzusunda fikirlərindən sitatlar gətirərək müasir nəslin gələcəkdə də onların müdrik siyasətindən və təcrübəsindən bəhrələnəcəyini diqqətə çatdırıb.

Seminarda müasir Azərbaycanın reallıqlarını, həmçinin xalqımızın və Pakistanın ümummilli liderləri Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil sahəsində söylədiyi kəlamları özündə ehtiva edən videoçarxlar nümayiş olunub.