Xəbərlər
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dəfələrlə bəyan edildiyi kimi, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycanın ərazi bütövlüyü isə danışıqlar mövzusu deyil.
Bu sözləri Milli Məclis Sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Ziyafət Əsgərov bildirib ki, ermənilər özləri üçün bir dövlət yaradıblar, artıq ikincisini yaratmaq arzusundadırlar. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və burada başqa söhbət də ola bilməz. Dəfələrlə bəyan etmişik ki, biz, əlbəttə, Azərbaycan ərazisi daxilində ermənilərə öz müqəddəratını təyinetmə hüququ verə bilərik, yalnız Azərbaycanın ərazisi daxilində. Biz Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Hansısa muxtariyyətdən söhbət gedə bilər, lakin bu, mütləq şəkildə Azərbaycanın ərazisi daxilində olmalıdır.