Xəbərlər
YAP Zərdab rayon təşkilatı “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı yürüş keçirib
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Zərdab rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. Zərdabda “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı yürüş keçirilib. Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının təşkilatçılığı ilə keçirilən yürüşdə rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak edib.
Yürüş rayonun Dədə Qorqud meydanından başlayaraq, Heydər Əliyev prospekti ilə H.Əliyev parkına doğru davam edib və Ulu Öndər H.Əliyevin abidəsi önündə başa çatıb. Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığı və böyük ruh yüksəkliyi yaratdığı diqqət çəkib. Ali Baş Komandanın hər bir əmrinə hazır olan zərdablılar, xüsusilə gənclər dövlətimizin başçısının qətiyyətli mövqeyini dəstəkləyiblər.
Yürüşün keçirilməsində əsas məqsəd ictimaiyyət, xüsusilə də gənclər arasında vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi və bu istiqamətində maarifləndirmə işinin həyata keçirilməsi olub.