Xəbərlər
Parisdə AŞPA-nın monitorinq komitəsinin iclası keçirilib
Noyabrın 14-də Avropa Şurasının Parisdəki ofisində Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komitəsinin iclası keçirilib.
İclasda Monako ilə pozitiv dialoqun, Bosniya-Herseqovinada, Ukraynada və Bolqarıstanda keçirilən parlament seçkilərinin nəticələri müzakirə olunub, Moldova üzrə həmməruzəçilərin bu ölkəyə səfərləri ilə bağlı məruzələr dinlənilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasda müzakirə olunan məsələlərlə bağlı deyib: “Komitədə bir çox məsələlər müzakirə olundu. Amma Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi gündəlikdə nəzərdə tutulmamışdı. Buna baxmayaraq, Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildiriblər və qeyd ediblər ki, ölkəmizin mövqeyi nəzərə alınmalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusi nəzarət altında olmalıdır”.
Komitə sədri bildirib ki, son zamanlar dünya ictimaiyyətinin diqqətini münaqişədən yayındırmağa cəhd edən ermənilər tərəfindən təxribat halları çoxalıb. İki gün əvvəl Azərbaycan hava sərhədlərini pozan və dinc əhalini vahiməyə salan helikopterin vurulması ətrafında ermənilərin qaldırdığı hay-küyü buna misal göstərmək olar. Bütün bunların hamısı çox ciddi məsələlərdir. Ona görə də biz Monitorinq komitəsində bu və digər məsələləri daim gündəmdə saxlayırıq.