Partiya xəbərləri
YAP-ın Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının Regional inkişaf və yerli özünüidarə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Azərbaycan xalqının əlamətdar gün ərəfəsində olduğunu bildirib. Mayın 10-da Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü olduğunu deyən A.Rəhimzadə bu tarixin milli bayram səviyyəsində qeyd edildiyini vurğulayıb. İclas iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra A.Rəhimzadə gündəlikdə duran məsələ haqqında məlumat verib. Komissiya sədri iclasın gündəliyinə «Bakı şəhərinin Nizami rayonunda, Ağcabədi və Beyləqan rayonlarında məişət tullantılarının yığılması, çeşidlənməsi və emalının təşkili haqqında» məsələnin daxil edildiyini bildirib.
Bu məsələ ilə bağlı komissiyanın üzvləri- Bakının Nizami rayonu İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Ağcabədi rayonu İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və Beyləqan rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək mövcud vəziyyət haqqında məlumat veriblər. Bildirilib ki, son illər bölgələrin sosial-iqtisadi inkişafı fonunda bu sahədə də ciddi irəliləyişlər əldə olunub. Belə ki, adıçəkilən rayonlarda məişət tullantılarının yığılması, çeşidlənməsi və emalı istiqamətində müasir avadanlıq və texnikalardan istifadə olunduğu diqqətə çatdırılıb. Diqqətə çatdırılıb ki, əvvəlki illərlə müqayisədə bu məsələlərdə nəzərəçarpacaq dərəcədə yeniliklər var. Bununla belə, bu sahədə mövcud olan problemlər və onların həlli yolları ilə bağlı təkliflər də iclas iştirakçılarının nəzərinə çatdırılıb.
Müzakirə olunan məsələ ilə əlaqədar çıxış edən tədbir iştirakçıları,bu sahədə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin də zəruriliyini vurğulayıblar.
Müzakirələrdən sonra komissiya üzvləri gündəlikdəki məsələ haqqında qərar qəbul ediblər.
Qeyd edək ki, iclasda həmçinin, Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, eləcə də, müvafiq rayonların bələdiyyə sədrləri iştirak ediblər.