Xəbərlər
Azərbaycanın Müdafiə naziri Belarusda bir sıra görüşlər keçirəcək

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minskə səfərə yola düşəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 75-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.
Müdafiə nazirinin, həmçinin bu ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüşləri və Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin ailə üzvlərini ziyarət etməsi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 3-də Minskdə keçiriləcək hərbi paradda Azərbaycan Ordusunun hərbi qulluqçuları da iştirak edəcəklər.