Xəbərlər
Livanın aparıcı KİV-ləri “Opinion Way”in Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələrini geniş işıqlandırıb
Livanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Cedar news”, “əs-Siyasə”, “Arabvoice”, “Naharnews”, “Khabar”, “al-3arabia” və digər xəbər portalları Fransanın “Opinion Way” şirkətinin Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunun nəticələrini geniş işıqlandırıb.
Livan KİV-ləri “Opinion Way” şirkətinin sorğusunun nəticələrini Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, əhalinin təhlükəsizliyinin, insanların əsas hüquq və azadlıqlarının, ölkənin əmin-amanlığının təmin edilməsi, vətəndaşların rifah halının yüksəlməsi, Azərbaycanın müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınması, beynəlxalq nüfuzunun artması istiqamətində görülən işlərlə əsaslandırır. Azərbaycanın iqtisadi sahədə uğurlarından, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan nəhəng transmilli energetika və nəqliyyat layihələrindən, demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafı istiqamətində həyata keçirilən ardıcıl siyasətdən söhbət açan Livan KİV-ləri bütün bu nailiyyətləri bütövlükdə Prezidentin yürütdüyü daxili və xarici siyasət kursunun bəhrəsi kimi qiymətləndirirlər. Bildirilir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi, “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına 90,5 faizi, “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına 93,1 faizi müsbət cavab verib. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib.
Vurğulanır ki, sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib. Belə ki, sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb.