Xəbərlər
YAP Şabran rayon təşkilatının təşəbbüsü ilə dövlət qadın siyasətinə həsr olunmuş tədbir keçirilib
Şabran rayonunda dövlət qadın siyasəti və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Tahir Süleymanov, rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Tədbirdə YAP Şabran rayon Qadınlar Şurasının sədri Minə Quliyeva, Xəqani Poeziya Evinin müdiri Aybəniz Əliyar, Prezident Təqaüdçüsü, AYB Şabran bölməsinin sədri Aydın Tağıyev çıxış ediblər.
Daha sonra Şabran Rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov və Milli Məclisin deputatı Tahir Süleymanov tədbirdə çıxış edərək bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik ediblər. Çıxışlarda bildirilib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarix boyu vətənimizdə həmişə uca tutulduğunu Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına-anaya daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Ulu Öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Daha sonra Şabran rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov və Milli Məclisin deputatı Tahir Süleymanov tərəfindən rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və qiymətli hədiyyələr ilə mükafatlandırılıb.
Tədbir Şabran Xalq Dram Teatrının təqdimatında bədii hissə ilə öz işini davam etdirib.