Xəbərlər
Azərbaycanın müstəqilliyi əbədidir
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
33 il əvvəl, 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkilərində xalqımız Azərbaycanın gələcək taleyini həll etdi və böyük səs çoxluğu ilə öz seçimini müəyyənləşdirdi. Ümummilli Lider Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident seçildi. Bu seçkilər xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalqımız həmin seçimi ilə müstəqil Azərbaycan dövlətinin təməlini qoydu. Bu seçkilərə qədər Azərbaycanın yaşadığı durum məlumdur. 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ölkəmizə rəhbərlik edənlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından böyük faciələr, təhlükələr yaşadı. Azərbaycanın müstəqil dövlət olaraq varlığı sual altında idi. Ölkəmizin bu çətin günlərində xalq öz xilaskarını-Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Azərbaycanın düşdüyü bu ağır vəziyyətdən yalnız və yalnız Heydər Əliyev kimi zəngin idarəçilik təcrübəsinə malik olan Lider xilas edə bilərdi. Ölkədə hökm sürən daxili böhran, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü fonunda Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlətçiliyin xilası və sabitliyin bərpası kimi qiymətləndirilir. Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi sayəsində ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, qeyri-qanuni silahlı qruplaşmalar ləğv edildi və dövlət institutları yenidən quruldu. 1994-cü il 12 may tarixində atəşkəs haqqında sazişin, 20 sentyabrda “Əsrin müqaviləsi”nin imzalanması ölkənin beynəlxalq mövqeyini və iqtisadiyyatını gücləndirdi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” deyən Ulu Öndər Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail olmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız qəbul olundu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlar aparılmağa başlamışdır, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edilmişdir. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başlamışdır və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdir. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi zirvələrə ucaldır, yeni-yeni hədəfləri reallığa çevirməklə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Son 23 il böyük uğurlarla, zəfərlərlə zəngindir. 2003-cü ildə Heydər Əliyev siyasətinin davamına səs verən xalqımız Azərbaycanın bugünkü reallıqlarının təməlini qoydu. Ulu Öndər Heydər Əliyev xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində “Ona Özüm qədər inanıram” deyərək bu əminliyi də ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək.
Artıq 6 ildir böyük qürurla bəhs etdiyimiz tarixi Zəfərimiz, onun ardınca ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri böyük səylərin, qətiyyətin, dəyişməz mövqeyin, ümumilşdirilmiş şəkildə qeyd etsək, ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın bütün sərhədləri boyunca üçrəngli Bayrağımız dalğalansın. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində əldə edilən Zəfər, həmçinin 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası bir daha xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası müstəqillik tariximizin ən parlaq səhifələridir.
