Xəbərlər
Müasir dövlətçilik tarixinin şanlı səhifəsi
Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Azərbaycanın müasir dövlətçilik tarixində 1993-cü ilin 3 oktyabr tarixi mühüm əhəmiyyətli, eyni zamanda bütöv bir millətin yenidən doğulduğu və dövlətimizin uçurumun kənarından qayıtdığı dönüş nöqtəsidir. Həmin dövrdə müstəqilliyini yenicə qazanmış ölkəmiz daxili çəkişmələr, siyasi böhran və anarxiya səbəbindən tamamilə idarəolunmaz vəziyyətə düşmüşdü. Bir tərəfdən torpaqlarımızın işğalı, digər tərəfdən isə ölkə daxilində baş qaldıran separatizm cəhdləri Azərbaycanı müstəqil bir dövlət kimi yer üzündən silinmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq tam bir ümidsizlik və çarəsizlik içində gələcəyini itirmək qorxusu yaşayırdı.
Belə bir ağır və kritik məqamda xalqın böyük etimadı və təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkəni bürüyən daxili münaqişələri və vətəndaş müharibəsi təhlükəsini dərhal aradan qaldırdı. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət başçısı seçilən dahi rəhbər, ölkənin milli varlığını və dövlətçilik institutlarını tamamilə məhv olmaqdan xilas etdi. Bu qayıdışla respublikada hüququn aliliyi, siyasi sabitlik və cəmiyyətdə təhlükəsizlik mühiti yenidən bərpa olundu.
Ulu Öndərin uzaqgörən siyasəti sayəsində cəbhədə atəşkəs əldə edildi, nizami ordunun qurulmasına başlanıldı və iqtisadiyyatı dirçəldən irimiqyaslı qlobal layihələrin təməli qoyuldu. Ümummilli Lider Heydər Əliyevin dühası Azərbaycanı parçalanmaqdan və müstəqilliyini itirməkdən qoruyaraq, onu gələcəkdə qazanılacaq böyük tarixi zəfərlərə aparan möhkəm və sarsılmaz bir dövlətə çevirdi.
Ulu Öndərin əsasını qoyduğu bu xilaskar və müdrik siyasi kurs sonrakı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük qətiyyətlə davam etdirildi. Ölkə rəhbərinin uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən regionun ən qüdrətli dövlətinə çevrildi. Həyata keçirilən güclü ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi dövlətimizin qarşısında yeni üfüqlər açdı. Nəticədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 illik torpaq həsrətinə son qoyaraq tarixi ədaləti bərpa etdi. Şanlı Qarabağ zəfəri və bütün ərazilərimizdə suverenliyimizin tam təmin olunması dahi Heydər Əliyev ideyalarının ən böyük təntənəsi oldu. Bu gün işğaldan azad edilmiş yurd yerlərimizdə aparılan nəhəng quruculuq və bərpa işləri ölkəmizin iqtisadi gücünü bütün dünyaya nümayiş etdirir. Müasir Azərbaycan artıq beynəlxalq arenada söz sahibi olan, qlobal layihələrə yön verən nüfuzlu bir dövlətdir. Ölkədə qorunub saxlanılan daxili sabitlik və əmin-amanlıq mühiti vətəndaşlarımızın rifahına və təhlükəsizliyinə xidmət edir.
