YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşa gedən yolun ilk pilləsi

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımızın yaddaşında silinməz iz buraxıb. Müstəqilliyimizin xilaskarı, Ulu Öndər Heydər Əliyev böyük səs çoxluğu ilə Prezident seçildi. Məhz bu seçkilər ölkəmizin  gələcək müqəddəratını həll etdi. Bu seçkilər xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 33 il  əvvəl xalq həmin seçimi ilə bugünkü qüdrətli, dünyada sayılıb-seçilən, mövqeyi gündən-günə möhkəmlənən, beynəlxalq aləmdə əməkdaşlığı genişlənən və strateji tərəfdaşlarının sayı durmadan artan müstəqil Azərbaycan dövlətinin təməli qoyuldu. Bu seçkilər, həmçinin Azərbaycanın beynəlxalq aləmdə əməkdaşlığı üçün yol açdı.

Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı durum hər kəsin yaddaşındadır. Həmin illərdə Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisinin reallıqda öz əksini tapdığını görürük.

1993-cü ilin iyun ayında  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan  xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. Ümummilli Lider  daim bu arzu ilə yaşayırdı ki, Azərbaycan dünyaya Günəş kimi doğsun. Məhz gələcəyə hesablanmış siyasət nəticəsində Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirdi, ikitərəfli və çoxtərəfli çərçivələrdə əlaqələri inkişaf etdirməklə dünya birliyinin layiqli üzvünə çevrildi.  Azərbaycan Ümummilli Liderin arzuladığı Azərbaycan oldu. Günəş kimi parladı, davamlı uğurları ilə dünyanın diqqətində oldu. Ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində mühüm rol oynayan “Əsrin müqaviləsi” imzalandı. Ölkəmizin  bu gününə və gələcəyinə inam artdı. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. Ümummilli Lider Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin əsl  sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi.  Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Təbii ki, atılan hər bir addımın əsasında Ulu Öndər Heydər Əliyevin  torpaq, Vətən sevgisi. Xalqına bağlılığı dayandı. “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı bütün dövrlərdə aktuallığını qoruyaraq harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının həyat amalına çevrilib.  Aforizmə çevrilən “Heydər Əliyevin adı çəkiləndə Azərbaycan, Azərbaycan deyiləndə Heydər Əliyev düşünülür” fikri də reallıqlara əsaslanır. Ulu Öndər bildirmişdir ki, nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Tarixi paralellər fonunda Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü Azərbaycan dövlətinə, xalqına xidmətlə səciyyələnir. Əbəs yerə deyilmir ki, dövlət o zaman güclü, qüdrətli olur ki, onun güclü, xalqını düşünən Lideri var. Azərbaycan tarixində, xalqın yaddaşında Ulu Öndər Heydər Əliyev müstəqil müasir dövlətin simvolu kimi qalmış və qalacaq. Dahi şəxsiyyət bu çağırışı etmişdir ki, hər birimizin müqəddəs borcu müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarətdir.