Xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
Təbrikdə dövlətimizin başçısı milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti olduğunu bildirir. Prezident qeyd edir ki, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə qadınlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevriliblər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olub. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atıb.
Dövlətimizin başçısı vurğulayır ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərib və nailiyyətlərlə dolu parlaq bir yol keçiblər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynayıb, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsidir və müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.
“Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqincə yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz”, - deyə Prezident təbrikdə qeyd edir.