Xəbərlər
Xocalı faciəsi qurbanlarının xatirəsi Rumıniyada dərin ehtiramla anılıb
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilib.
Tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, nümayəndələri, ziyalılar, universitetlərin professor və tələbə heyətləri, Türk İş Adamları Dərnəyinin, Türk-Tatar Birliyinin, “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə heyətlərinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım mərasimini giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində qadın, qoca və uşaqlar da daxil olmaqla yüzlərlə günahsız dinc əhaliyə qarşı ən qəddar cinayətlər törədiblər.
Səfir bildirib ki, erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan xalqına qarşı törətdikləri bu qətliam nəticəsində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum olaraq qalmaqdadır. Həmin gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.
Bunun insanlığa sığmayan, öncədən planlaşdırılmış, milli mənsubiyyətinə görə insanların məhv olunması xarakteri daşıyan bir cinayət olduğu və buna görə də beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin soyqırımı olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Səfir qeyd edib ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən 26 fevral Xocalı soyqırımı günü elan edildi.
Xocalı faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı kimi tanıdılması və bu barədə bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirildiyini deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyasına başlanılıb. Ötən müddət ərzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 70-dən çox ölkədə müxtəlif tədbirlər təşkil edilib. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, 57 ölkəni özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı, eləcə də ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı qətliamının soyqırımı olduğunu təsdiq ediblər.
Səfir hər il Xocalı soyqırımının ildönümünün respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunduğunu bildirib. Diplomat diqqətə çatdırıb ki, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ön sıralarında Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq yürüşü keçirilib.
Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Əli Həsənov qeyd edib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədiblər. Erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilib, erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılıb, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılıb.
Prezidentin köməkçisi XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilərin SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürmələrindən, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlının deportasiya edilməsindən, Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirilməsindən, Dağlıq Qarabağ probleminin əsl mahiyyətindən ətraflı bəhs edib.
Xocalı soyqırımı haqqında danışan Əli Həsənov bildirib ki, bu qətliamı törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıdaraq suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarını zorla ələ keçirmək idi. Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirdi, Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq daha 7 rayonu işğal etdi, bir milyona yaxın azərbaycanlını qaçqın və məcburi köçkünə çevirdi.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və təcavüzkarın ifşa olunması üçün bütün zəruri addımları atıb, bu istiqamətdə irəli sürülən ictimai təşəbbüsləri dəstəkləyib. Daha sonra Əli Həsənov son illər geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasından bəhs edib, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdən danışan Əli Həsənov Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının bu qətnamələrdə öz təsbitini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Hazırda Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq işğalçılıq siyasətini davam etdirir. Bununla yanaşı, dünyadakı erməni diasporu və lobbisi mütəmadi olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək Azərbaycan torpaqlarının işğalını, Dağlıq Qarabağ problemini və Xocalı soyqırımını, evindən qovulmuş bir milyona yaxın azərbaycanlının böyük faciəsini unutdurmaq və diqqətdən kənarda saxlamaq istəyir. Ona görə də bu günlərdə həm Azərbaycanın, həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti təşkilatları, diaspor qurumları və ziyalıları öz ölkələrinin rəsmi dövlət orqanlarına hər cür ictimai dəstək verərək Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalına dair digər faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalı, baş verənlərin obyektiv qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin almasına çalışmalıdırlar. Azərbaycan və türk diaspor təşkilatları öz çevikliyini və mütəşəkkilliyini artırmalı, əlaqəli şəkildə fəaliyyət göstərməlidirlər.
Daha sonra çıxış edən Buxarest Dövlət Universitetinin professoru, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dumitru Balan Azərbaycan xalqının uzaq və yaxın keçmişdə öz dövlətinin qurulması və müstəqilliyinin qorunması uğrunda böyük əziyyətlər çəkdiyini deyib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın ən zəngin ölkələrindən biri olması, regiondakı strateji əhəmiyyəti bu çətinliklərin əsas səbəbləridir. Professor Azərbaycanın hər zaman böyük imperiyaların diqqət mərkəzində olduğunu vurğulayıb. Ölkəmizin müstəqillik tarixindən danışan D.Balan Xocalı soyqırımının yalnız Xocalı şəhərinin günahsız sakinlərinə qarşı deyil, həm də bütünlüklə bəşəriyyətə, bütün sivilizasiyalara və beynəlxalq aləmə qarşı törədilən soyqırımı olduğunu vurğulayıb.
Sonda çıxış edən “Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycan xalqına başsağlığı verərək bildirib ki, rəhbərlik etdiyi “Topform” nəşriyyatı tərəfindən Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının həqiqətlərini təbliğ edən bir sıra kitablar çap edilib. O cümlədən Azərbaycan xalqının müstəqillik tarixi, İrəvan xanlığı, Rumıniya və Azərbaycan arasında münasibətlərə dair kitablar da işıq üzü görüb. Bütün bu nəşrlər rumın cəmiyyətində dost, qardaş Azərbaycan xalqının tarixini dərindən başa düşməyə fürsət yaradıb. Xocalı faciəsinə toxunan V.Simileanu bəşəriyyətə qarşı törədilən bu cinayətin təşkilatçılarının tezliklə cəzalarını alacaqlarına əmin olduğunu və Cənubi Qafqazı hər zaman sülh içində görmək istədiyini vurğulayıb.
Tədbirdə Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” adlı film nümayiş olunub.
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Xocalıda törədilən vəhşilikləri əks etdirən fotoşəkillər və xarici ölkələrin nüfuzlu nəşrlərində bu faciə barədə dərc edilmiş materiallar, rumın, ingilis və digər dillərdə broşürlər, kitablar, CD-lər, məqalələr tədbir iştirakçılarının marağına səbəb olub.