Xəbərlər
Cenevrədə insan hüquqları və 2030-cu il dayanıqlı inkişaf gündəliyi üzrə dialoq və əməkdaşlıq görüşü keçirilib
Yanvarın 16-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının “2030: Dayanıqlı İnkişaf Gündəliyi və İnsan hüquqları üzrə dialoq və əməkdaşlıq” mövzusunda xüsusi görüşü keçirilib.
Tədbir Azərbaycanın, Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leon, Tailand və Uruqvay ilə birgə irəli sürdüyü və BMT-nin İnsan Hüquqları Şurası tərəfindən 2018-ci ilin mart ayının 23-də yekdilliklə qəbul edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı 37/24 nömrəli qətnamənin icrası çərçivəsində təşkil edilib.
“İnsan hüquqları və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin yerinə yetirilməsi üzrə dostlar qrupu”na üzv olan yuxarıda adları çəkilən ölkələrin daimi nümayəndəlikləri və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet və İnsan Hüquqları Şurasının prezidenti Koli Sek açılış nitqi ilə çıxış ediblər.
Ali Komissar çıxışında digər məsələlərlə yanaşı, münaqişələrin dayanıqlı inkişafa maneə yaratmasından bəhs edib və bildirib ki, “münaqişələr insanların doğulduqları yerlərdə həyatlarını, ümidlərini və layiqli yaşayışlarını məhv edir. Hər gün minlərlə insan evindən qaçmaq məcburiyyətində qalır”.
Tədbirdə məruzəçi qismində çıxış edən 1997-2002-ci illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı vəzifəsində çalışmış Meri Robinzon, BMT-nin Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkilləri Ceffri Saks, Ala Murabit və digər nümayəndələr insan hüquqları ilə Dayanıqlı İnkişaf Məqsədlərinin qarşılıqlı asılılıq əlaqələrindən bəhs ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşı Emin Aslanov ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi ilə bağlı müsbət təcrübəsindən, o cümlədən müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsi və qlobal inkişaf məqsədlərinin milliləşdirilməsinin təmin edilməsi məqsədilə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyətindən bəhs edib.
Eyni zamanda, tədbir çərçivəsində keçirilən sərgidə iştirakçılara 2018-ci ilin oktyabr ayının 25-də Dayanıqlı İnkişaf Məqsədlərinin milliləşdirilməsində regional təcrübələrin bölüşülməsi məqsədilə ölkəmizdə təşkil edilmiş Bakı Forumu haqqında məlumatlar paylanıb.
Tədbirə BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatları, milli insan hüquqları institutlarını və QHT-ləri təmsil edən 250-dən çox iştirakçı qatılıb.
Tədbirin nəticələri barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabat İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim ediləcəkdir.