Xəbərlər
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub.
Bunu 2018-ci ilin yekunlarına həsr olunmuş böyük mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
O deyib: “Azərbaycanla münasibətlərə gəlincə, mən “sıçrayış” terminindən istifadə etmək istəməzdim, çünki bizdə münasibətlər sıçrayışlarla deyil, yetərincə sabit və yüksələn xətt üzrə inkişaf edir. Ötən il prezidentlər səviyyəsində növbəti son dərəcə məzmunlu görüşlər keçirilib, həmkarım Elmar Məmmədyarovla da həm Bakıda, həm də Moskvada görüşlər olub, iqtisadi idarələrimiz sıx əməkdaşlıq ediblər, prezidentlər Vladimir Putinin və İlham Əliyevin birgə hamiliyi ilə növbəti dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Hamısını sadalamaq olmur: bizi bir-birimizə bağlayan formal, rəsmi, qeyri-formal tədbirlər olduqca çoxdur, o cümlədən, yeri gəlmişkən, Rusiyada, eləcə də Azərbaycanda çox populyar olan “JARA” mahnı bayramı. Odur ki, mən ötən ili müsbət, son dərəcə müsbət qiymətləndirərdim. Biz istər MDB strukturlarında, istər BMT-də, istər ATƏT-də, istərsə də Avropa Şurasında yaxşı əməkdaşlıq etmişik. Yeri gəlmişkən, Avropa Şurasında Azərbaycana qarşı da yetərincə qərəzli münasibət var və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan deputatlarının hüquqlarını məhdudlaşdırmağa çalışırlar.
Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olub. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrlərin fəaliyyətinə töhfəmizə gəlincə, həmin səbəbdən il təkcə tanışlıq xarakteri daşıyan görüşlərlə məhdudlaşıb. Lakin bu ay Rusiya, Fransa və Birləşmiş Ştatlardan olan həmsədrlərin Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə növbəti görüşü planlaşdırılır. Düşünürəm ki, bu istiqamətdə də biz artıq köhnəlmiş olan, lakin Yerevanla Bakının xoş məramı, beynəlxalq birliyin, o cümlədən həmsədrlərin dəstəyi ilə həll edilməsi mümkün olan münaqişənin nizamlanmasına kömək edə biləcəyik. Düşünürəm ki, həll yolunun axtarılmasına hazır olması barədə Bakıdan səslənən bəyanat hər cür dəstəyə layiqdir”.
Rusiyanın növbəti Rusiya-İran-Azərbaycan sammitini hazırladığını qeyd edən S.Lavrov deyib: “Sizi inandırıram ki, o keçiriləcək. Azərbaycanın iştirakı ilə digər mümkün formatlara gəlincə, hələlik bu barədə danışıqlar praktiki müstəviyə keçməyib. Həmin formatların özündə nə qədər “əlavə dəyər” daşıdığına baxmaq lazımdır, çünki format naminə format - Azərbaycanın, Rusiyanın və digər mümkün iştirakçıların maraqlarına cavab verən format deyil. Lakin qarşılıqlı fəaliyyətimizin bu və ya digər formasının “əlavə dəyəri” olsa, biz belə imkanı məmnuniyyətlə nəzərdən keçirərik”.