Xəbərlər
“Vətənə xidmətinə görə sağ ol!” adlı hərbi xidmətdən yolasalma mərasimi keçirilib
Müdafiə Nazirliyinin cəbhə bölgəsindəki “N” saylı hərbi hissəsində xidmət müddətini başa vurmuş bir qrup hərbi qulluqçunun ehtiyata buraxılmaları ilə əlaqədar “Vətənə xidmətinə görə sağ ol!” adlı təntənəli yolasalma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, mərasim ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin ifası və dövlət bayrağının gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış əsgərlər tərəfindən döyüş növbətçiliyini qəbul edən əsgər yoldaşlarına rəmzi olaraq silahların, zirehli jiletlərin və dəbilqələrin təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən birlik komandiri ehtiyata buraxılan şəxsi heyətə müdafiə nazirinin təbriklərini çatdırıb, döyüş növbətçiliyini qəbul edən hərbi qulluqçulara tövsiyələr verərək gələcək xidmətlərində uğurlar və qələbə sevinci arzulayıb.
Xidmət müddətində fərqlənən hərbi qulluqçuların həvəsləndirilməsi və qiymətli hədiyyələrlə mükafatlandırılmasından sonra Füzuli Dövlət Dram Teatrının kollektivi şəxsi heyət qarşısında çıxış edib.
Tədbir bayram naharı ilə sona çatıb.