YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə xeyli aşağıdır

“Hər bir ölkənin sosial-iqtisadi inkişafının qiymətləndirilməsində nəzərə alınmalı olan faktorlardan biri əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Azərbaycanda da sözügedən sahə daim dövlətin diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu sırada qayğıya ehtiyacı olan insanlar, xüsusilə əlillər dövlətin himayəsi ilə əhatə olunublar”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, əlillər cəmiyyətin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri olduğundan onlara qarşı diqqət mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, əlillərin ehtiyaclarını başa düşmək, onların ləyaqət, hüquq və rifahına ehtiramla yanaşmaq, həmçinin məhdud imkanlı insanları siyasi, sosial və mədəni həyata cəlb edərək, onların cəmiyyətin həyatında iştirakına nail olmaq məqsədilə dekabrın 3-ü BMT Baş Məclisi tərəfindən Beynəlxalq Əlillər Günü elan edilib. Hər il bu tarixdə BMT-yə üzv ölkələrdə əlil insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönələn tədbirlər həyata keçirilir.

“Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda əhalinin 6 faizə qədəri, yəni 618 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Bu faktlar göstərir ki, Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə xeyli aşağıdır. Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət qayğısının əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqədən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaradıb. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası sahəsində görülən işlərin başlıca məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsidir. Bütün bunlar göstərir ki, əlillərə yüksək qayğı sosial siyasətin nümunəvi cəhətlərindən biridir. Ən əsası, əlil insanlara qayğı dəyişməyən sosial və mənəvi vəzifədir”-deyə, komitə sədri vurğulayıb.