Xəbərlər
Hicran Hüseynova: Azərbaycanda ailə vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi qəbul olunur
“Bu gün dünyada ailələrin sayının azaldığı müşahidə olunur. Təəssüf ki, bir çox ölkələrdə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
H.Hüseynova bildirib ki, Azərbaycanda isə ailə vətəndaş cəmiyyətinin formalaşmasında əsas element kimi qəbul olunur. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyev hər zaman ölkəmizdə ailə siyasətinin formalaşdırılması işinə böyük diqqət yetirib.
“Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ailənin önəmli rolunu qiymətləndirərək vurğulayıb ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəkdə olmalıdır. Bu məsələləri hər zaman diqqət mərkəzində saxlayan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir, qaçqın və məcburi köçkün ailələrə xüsusi qayğı göstərir”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.