Xəbərlər
Bəxtiyar Aslanbəyli: “Dayazsulu Abşeron” layihəsi üzrə Qarabataq adası yaxınlığında süni ada yaradılacaq
BP şirkəti “Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası yaxınlığında süni ada yaratmaq niyyətindədir.
Bu barədə “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
O bildirib ki, BP Abşeron yarımadasının dayazsulu hissəsində ümumilikdə 3 quyu qazmağı nəzərdə tutur. Gələn il iki kəşfiyyat quyusu qazılacaq. Həmin quyulardan biri Qarabataq adası yaxınlığında qazılacaq və burada süni ada yaradılacaq. Çünki həmin ərazidə suyun dərinliyi 3-5 metrdir.
Xatırladaq ki, 2014-cü il dekabr ayının sonlarında SOCAR və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənmə haqqında Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. 2015-ci il aprelin 14-də Azərbaycan Respublikasının Milli Məclisi bu sazişi ratifikasiya edib. Həmin saziş Azərbaycan Hökumətinin Xəzərin milli sektorundakı bütün dəniz ərazilərinin tam tədqiq olunması ilə bağlı planının bir hissəsidir.
Hasilatın Pay Bölgüsü Sazişi üzrə kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Həmin ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layın (kollektorun) dərinliyi 3000-5000 metr təşkil edir. Bu, BP şirkətinə dünyanın başqa yerlərindəki digər dayazsulu ərazilərdə qazandığı təcrübəsini və qabaqcıl texnoloji həllərini bu əraziyə gətirməyə imkan verir. Sazişə əsasən “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya və SOCAR isə qalan 50 faiz paya malikdir.