Xəbərlər
Pakistan mətbuatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə keçirilən xeyriyyə tədbirlərindən yazır
Qurban bayramı münasibətilə Pakistanın Xayber Paxtunxva əyalətində qaçqınların məskunlaşdığı Lakki Marvat və Dera İsmail Xan bölgələrində, həmçinin daşqınlardan zərər çəkən Pəncab əyalətinin Okara, Multan, Ravalpindi və İslamabad şəhərlərində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə təşkil olunan silsilə tədbirlər Pakistan mətbuatında geniş işıqlandırılıb.
“Jhang”, “The News”, “Express Preshawar” qəzetləri, “Diplomatik Star”, “Centreline” jurnalları, “DNA news”, “Pakistan in the World” informasiya agentlikləri tədbirlər haqqında məqalə və xəbərlər veriblər.
Materiallarda qeyd olunur ki, bölgələrdə keçirilən mərasimlərdə Pakistanın tanınmış siyasətçisi, senator Səlim Seyfulla Xan, Pakistan Parlamenti sədrinin sabiq müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, Bayt-ul-Malı uşaq evinin icraçı direktoru Vahid Şeyx və digər nüfuzlu şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Yazılarda Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun bayram təbrikləri barədə məlumat da yer alıb.