Xəbərlər
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından yetmiş beş il ötür
Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor Aida İmanquliyevanın dünyaya gəlişindən yetmiş beş il ötür.
Çoxşaxəli yaradıcılığa malik, ictimai həyatda da geniş fəaliyyət dairəsinə sahib olan Aida xanım İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.
1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib. A.İmanquliyeva Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.
Aida İmanquliyevanın elmi əsərlərinin özünəməxsus yeri və əhəmiyyəti vardır. Üç monoqrafiya (“Mixail Nuaymə və “Qələmlər birliyi”, Moskva,1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan A.İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.
Tədqiqatçıların haqlı olaraq qeyd etdikləri kimi, Aida xanım İmanquliyevanın elmi fəaliyyətinin əhatə dairəsi geniş və çoxşaxəli idi. Onun elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunub. Bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
Aida xanım İmanquliyeva bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısıdır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə, etiraf edirlər
Aida xanım İmanquliyevanın doğulduğu, böyüdüyü və gəlin gəldiyi iki ailənin Azərbaycan xalqının ədəbi-mədəni fikrində öz yeri və sanbalı vardır. Belə bir mühit Aida xanımın ədəbi-elmi yaradıcılıqla dərindən məşğul olması üçün mənəvi zəmin yaradıb. Aida xanımın atası Nəsir İmanquliyev Azərbaycanın çox məşhur mətbuat nümayəndələrindən biri olub. Nəsir müəllim uzun illər “Bakı” və “Baku” axşam qəzetlərinin redaktoru işləyib. Aida xanım görkəmli Azərbaycan yazıçısı, alim və pedaqoq Mir Cəlal Paşayevin ocağına gəlin köçüb. Boya-başa çatdığı mötəbər ziyalı mühitinin məlum təsirinin nəticəsidir ki, akademik Cəmil Quliyevin dediyi kimi, Aida xanımın həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi.
Bu gün A.İmanquliyevanın cismani ömrü övladlarının, nəvələrinin həyatında davam edir. Özü isə əsərlərində yaşayır. Bütün mənalı ömrünü Azərbaycan şərqşünaslığının inkişafına həsr etmiş A.İmanquliyevanın yaradıcılığı daim öyrəniləcək. Görkəmli şərqşünas alimin haqqında çox yazılıb və yəqin ki, bundan sonra daha çox yazılacaq. O, bir şəxsiyyət kimi hər yazıda yeni bir şəkildə canlanacaq, nəsil-nəsil oxucuların ürəyində, yaddaşında əbədi yaşayacaq.