Xəbərlər
Sədaqət Vəliyeva: Azərbaycan dünyadakı geosiyasi və geoiqtisadi statusunu möhkəmləndirib
«Ötən altı ay ərzində ölkədə müəyyən edilən strateji xəttə uyğun dayanıqlı iqtisadi inkişaf təmin olunub, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib. Eləcə də, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb, iqtisadiyyatın şaxələndirilməsi, regionların və sahibkarlığın inkişafı sürətlənib, qeyri-neft ixracı artıb». Bu fikirləri yap.org.az saytına YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqə Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, görülən işlərin nəticəsidir ki, valyuta ehtiyatlarımız 44,3 milyard dollara yüksəlib, ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulub, ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2, qeyri-neft sənayesi 8,8, kənd təsərrüfatı 7,6 faiz artıb, inflyasiya cəmi 3 faiz təşki edib, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34, qeyri-neft ixracı 20 faiz artıb. Həmçinin, qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4,1 milyard manat vəsait daxil olub, 611 sahibkara isə 100 milyon manat güzəştli kredit verilib.
«Bütün bunlarla yanaşı ötən altı ay ərzində əldə olunan nailiyyətlər hesabına Azərbaycan dünyadakı geosiyasi və geoiqtisadi statusunu da möhkəmləndirib. Elə “Cənub qaz dəhlizi”nin açılışının olması, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi, TANAP-ın açılışının baş tutması, Bakıda təntənəli hərbi paradın keçirilməsi, aprel zəfərindən sonra Şərur rayonunun Günnüt kəndinin və əlavə olaraq 11 min hektardan çox ərazinin 26 ildən sonra işğaldan azad edilməsi deyilən fikrin əyani təsdiqidir. Eyni zamanda hər bir ölkənin inkişafını göstərən əyani faktorlardan birini də beynəlxalq təşkilatların hesabatları, dəyərləndirmələri təşkil edir. Məhz, dünya ictimaiyyəti tərəfindən ciddi qəbul edilən beynəlxalq təşkilatların hazırladıqları hesabatlara əsasən Azərbaycan dünya miqyasında inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü, xalqın iqtidara dəstəyinə görə 20-ci, ümumi infrastrukturun inkişafına görə 26-cı, rəqabətqabiliyyətliliyinə görə 35-ci, yol infrastrukturunun inkişafına görə 36-cı yerdədir»-deyə, S.Vəliyeva vurğulayıb.