YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirildi. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən maharibəsində tarixi ədalətin bərpasından, müharibə cinayətlərinə görə məsuliyyətdən, beynəlxalq təşkilatların fəaliyyətindən, ikili standartlara söykənən siyasətin yaratdığı problemlərdən  və sülhün davamlılığının təmin edilməsindən danışdı. Məqsəd budur ki,  beynəlxalq hüquq yalnız siyasi bəyanatlarla deyil, onun norma və prinsiplərinin real həyatda tətbiqi ilə öz təsdiqini tapmalıdır. Cənab İlham Əliyev bu çağırışı etdi ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.

Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.

Dövlətimizin başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə diqqəti yönəltməsin. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin  həlli prosesinin 30 il uzanmasında da bu amilin rolu böyükdür. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi ilə diqqətdə oldu. Missiyasını Ermənistana dəstək göstərməkdə görən bu qurum məsələni inhisara götürmüş və münaqişənin dondurulmasına yönəlmiş fəaliyyət həyata keçirən həmsədrlər tərəfindən iflic vəziyyətə salınmışdı.

Cənab İlham Əliyev bu çağırışı da etdi ki,  işğalın, eləcə də Azərbaycan xalqının tarixi Qələbəsinin mahiyyətini və xarakterini tam anlamaq üçün qonaqlarımız Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilərlər.

Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin bu prinsiplər əsasında  həllinə  səylər göstərməsi beynəlxalq səviyyədə dəstəklənir. Ölkəmizin AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verilməsi də mühüm məqamları özündə ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev Zirvə Görüşündəki çıxışının əvvəlində “İlk növbədə, 2024-cü ildə Azərbaycanın sədrliyinə göstərilən yekdil dəstəyə görə AQEM-in bütün üzv dövlətlərinə minnətdarlığımı bildirirəm” söyləyərək bu reallığı da qeyd etdi ki,  biz bunu hörmət və etimad əlaməti, həmçinin bir sıra beynəlxalq platformalarda sədrlik fəaliyyətimizə dəstəyin nümayişi hesab edirik.

Azərbaycanın təşkilata sədrliyinin əsas prioritetlərindən biri AQEM-in institusional əsaslarının möhkəmləndirilməsi və tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesinin təşviqidir. Çünki üzvlərinin sayı və coğrafi əhatəsi geniş olan çoxtərəfli platformanın səmərəliliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də qərarların həyata keçirilməsi, təşəbbüslərin davamlılığı və institusional mexanizmlərin effektivliyi ilə ölçülür.