Xəbərlər
Füzuli: Zəfərdən dirçəlişə
Məşhur Məmmədov
Milli Məclisin deputatı
17 Oktyabr - Füzuli Şəhəri Günü Azərbaycanın müasir tarixində həm hərbi Zəfəri, həm milli iradəni, həm də işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsini özündə birləşdirən mühüm tarixi gündür. Bu tarix Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də işğaldan azad edilməsini əbədiləşdirməklə yanaşı, xalqımızın yaddaşında uzun illər davam edən həsrətin sona çatmasının və Füzulinin yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzinə çevrilib.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərin şəhər günlərinin müəyyənləşdirilməsi həmin şəhərlərin tarixinin və Zəfər günlərinin dövlət səviyyəsində əbədiləşdirilməsi baxımından mühüm addımdır. 17 oktyabrın Füzuli Şəhəri Günü kimi müəyyənləşdirilməsi 2020-ci ilin həmin günündə qazanılmış tarixi qələbənin nəsildən-nəslə ötürülməsinə xidmət edir.
Füzuli Azərbaycanın Qarabağ bölgəsinin mühüm yaşayış məntəqələrindən və strateji əhəmiyyətli rayonlarından biridir. Rayon Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə həmsərhəd olan Füzuli, Araz çayı boyunca İranla da sərhədə malikdir. Quruçay, Köndələnçay və Çərəkən çaylarının rayon ərazisindən keçməsi onun təbii-coğrafi xüsusiyyətlərini tamamlayır. 1386 kvadratkilometr əraziyə malik Füzuli tarixən həm coğrafi mövqeyinə, həm də iqtisadi və mədəni potensialına görə Azərbaycanın mühüm bölgələrindən biri olub.
Füzulinin tarixi də zəngin və çoxşaxəlidir. Şəhərin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəni əsasında 1930-cu ildə rayon təşkil edilib və Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılıb. Beləliklə, şəhərin adı Azərbaycan ədəbiyyatının böyük klassiki ilə bağlı olaraq milli-mədəni yaddaşımızda xüsusi yer tutub.
Füzuli həm də Azərbaycanın qədim tarixi və dini-mədəni irsinin mühüm məkanlarından biridir. İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi və dini abidələr mövcud idi. Babı kəndində yerləşən XIII əsrə aid Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsr Mirəli türbəsi, Əhmədalılar kəndində orta əsrlərə aid türbə və XIX əsrin Cəlil türbəsi Füzulinin zəngin tarixi irsinin yalnız bir hissəsidir. Bu abidələr Füzulinin sadəcə yaşayış məkanı deyil, Azərbaycanın çoxəsrlik dövlətçilik, dini və mədəni tarixinin mühüm səhifələrini yaşadan ərazi olduğunu göstərir.
Füzulinin müasir tarixinin ən ağır səhifələrindən biri 1993-cü ildə yaşanıb. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində minlərlə insan doğma yurdlarından didərgin düşüb, rayonun yaşayış məntəqələri dağıdılıb, tarixi-mədəni irsə ciddi ziyan vurulub. İşğal və müharibə nəticəsində Füzuli rayonundan 663 nəfər şəhid olub, 400 nəfərədək müharibə əlili, 181 nəfər isə əsir və itkin düşüb. Bu rəqəmlərin hər birinin arxasında bir ailənin faciəsi, bir insan taleyi və bütöv bir nəslin doğma yurda qayıtmaq arzusu dayanır.
Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində yanvarın 5-də Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla belə, rayonun böyük hissəsi və Füzuli şəhəri uzun illər işğal altında qaldı. Füzulinin taleyi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan mübarizənin mühüm hissəsinə çevrildi.
2020-ci ilin Vətən müharibəsi isə Füzulinin tarixində yeni səhifə açdı. Füzuli uğrunda döyüşlər müharibənin ən ağır və strateji əhəmiyyətli döyüşlərindən biri kimi tarixə düşdü. Azərbaycan Ordusu uzun illər ərzində qurulmuş çoxsaylı müdafiə xətlərini yararaq düşmənin möhkəmləndirilmiş mövqelərini darmadağın etdi. Füzuli istiqamətində əldə olunan hərbi uğur sonrakı əməliyyatların gedişinə ciddi təsir göstərdi və Azərbaycanın strateji üstünlüyünü daha da möhkəmləndirdi.
17 oktyabr 2020-ci il Azərbaycan xalqının yaddaşında məhz bu baxımdan xüsusi yer tutur. Həmin gün Füzuli şəhəri ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də işğaldan azad edildi. Vətən müharibəsinin gedişində Füzuli rayonunun ümumilikdə 62 yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin mühüm göstəricilərindən oldu.
Füzuli döyüşləri Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək mənəvi-psixoloji hazırlığını bütün dünyaya nümayiş etdirdi. Uzun illər keçilməz hesab olunan istehkamların yarılması göstərdi ki, Azərbaycan Ordusu müasir müharibənin tələblərinə cavab verən, yüksək texniki imkanlara və döyüş hazırlığına malik güclü ordudur. Füzulinin azadlığı uğrunda döyüşlərdə göstərilən şücaət Azərbaycanın hərbi salnaməsinin ən parlaq səhifələrindən birinə çevrildi.
Bu Zəfərin qəhrəmanları dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Füzuli rayonunun azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçunun bu medalla təltif olunması həmin Zəfərin miqyasını və Azərbaycan əsgərinin fədakarlığını bir daha nümayiş etdirdi.
Füzulinin azadlığı yalnız hərbi qələbə deyil, həm də böyük qayıdışın başlanğıcıdır. Azərbaycan dövləti Vətən müharibəsindən dərhal sonra qarşıya işğaldan azad edilmiş ərazilərin bərpası, müasir şəhər və kəndlərin salınması, təhlükəsizliyin təmin olunması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması kimi tarixi vəzifələr qoyub. Füzuli bu prosesin ən mühüm mərkəzlərindən birinə çevrilib.
Füzulinin minalardan təmizlənməsi isə qarşıda duran ən mürəkkəb məsələlərdən biridir. İlkin hesablamalara görə, rayon ərazisində yüz mindən çox mina basdırılıb. Bu fakt işğalın yalnız dağıdılmış binalar və infrastruktura deyil, həm də insanların həyat və təhlükəsizliyinə uzunmüddətli təhdid yaratdığını göstərir. Buna görə də Füzulidə quruculuq işləri minalardan təmizləmə prosesi ilə paralel aparılır. Ərazilərin təhlükəsizliyinin təmin edilməsi Böyük Qayıdışın davamlı və dayanıqlı olması üçün fundamental şərtdir.
Bu gün Füzulidə həyata keçirilən quruculuq işlərinin miqyası Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu strateji məqsədlərin əyani göstəricisidir. Nazirlər Kabinetinin 2023-cü il 18 mart tarixində Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq etməsi şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm addım olub. Burada məqsəd sadəcə dağıdılmış tikililəri bərpa etmək deyil, müasir, rahat, dayanıqlı və insanların layiqli həyatını təmin edən yeni şəhər mühiti formalaşdırmaqdır.
Füzulidə energetika, su təchizatı, yol-nəqliyyat, yaşayış və sosial infrastrukturun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilib. “Füzuli” yarımstansiyasının, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi şəhərin və rayonun gələcək inkişafı üçün mühüm infrastruktur bazası formalaşdırıb.
Nəqliyyat infrastrukturunun inkişafı isə Füzulinin regional əhəmiyyətini daha da artırıb. Zəfər yolu, Füzuli-Hadrut avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu kimi layihələr Füzulini Qarabağın digər yaşayış məntəqələri ilə birləşdirən mühüm nəqliyyat arteriyalarına çevrilib. Füzuli Beynəlxalq Hava Limanının cəmi səkkiz ay ərzində inşa edilərək 2021-ci il oktyabrın 26-da istifadəyə verilməsi isə Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələrinin sürətinin və miqyasının bariz nümunəsidir. “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı Füzulinin həm ölkədaxili, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır.
Füzulinin yenidən qurulması yalnız dövlət layihələri ilə məhdudlaşmır. Azərbaycanın dost və qardaş ölkələri də bu prosesə öz töhfələrini verirlər. Özbəkistan Prezidentinin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında tarixi və mədəni bağların daha bir ifadəsidir. Məktəbin müasir tədris infrastrukturu ilə təmin olunması Füzulinin gələcəyinə, burada böyüyəcək yeni nəslə yatırılan sərmayənin göstəricisidir.
Qazaxıstanın Füzulinin bərpasında iştirakı da xüsusi əhəmiyyət daşıyır. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. Bu mərkəz təkcə sosial-mədəni obyekt deyil, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun və qardaşlığın rəmzidir. Füzulinin bərpasında dost ölkələrin iştirakı Azərbaycanın regional əməkdaşlıq siyasətinin və Türk dünyası ilə münasibətlərinin mühüm göstəricisidir.
Füzulinin dirçəldilməsinin ən mühüm nəticəsi isə insanların doğma torpaqlarına qayıtmasıdır. Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Bu, uzun illər davam edən məcburi köçkünlük həyatının başa çatması və insanların öz doğma şəhərlərində yeni həyata başlaması deməkdir. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailənin, ümumilikdə 3153 nəfərin köçürülməsi Böyük Qayıdışın artıq real və genişmiqyaslı prosesə çevrildiyini göstərir.
Füzulinin yeni inkişaf mərhələsini Prezident İlham Əliyevin bölgəyə mütəmadi səfərləri və burada həyata keçirilən layihələrin ardıcıl şəkildə izlənməsi də xarakterizə edir. 2020-ci ilin noyabrından başlayaraq Füzulidə yeni yolların, hava limanının, məktəblərin, xəstəxananın, yaşayış komplekslərinin, enerji və su infrastrukturlarının təməli qoyulub, bir sıra mühüm obyektlər istifadəyə verilib. Bu ardıcıllıq göstərir ki, Füzulinin bərpası epizodik deyil, uzunmüddətli və kompleks dövlət siyasətinin tərkib hissəsidir.
Füzulidə “Ağıllı kənd” konsepsiyasının tətbiqi, yeni yaşayış komplekslərinin, məktəblərin, uşaq bağçalarının, idman və yaradıcılıq mərkəzlərinin yaradılması şəhərin yalnız fiziki deyil, sosial və iqtisadi baxımdan da yenidən qurulduğunu göstərir. Burada əsas məqsəd keçmişi bərpa etməklə kifayətlənməmək, Füzulini gələcəyin müasir şəhərlərindən birinə çevirməkdir.
Son illərdə Füzuliyə müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinin səfərləri də şəhərin Azərbaycanın regional inkişafında və beynəlxalq əlaqələr sistemində artan əhəmiyyətini nümayiş etdirir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin Füzuliyə səfərləri bu ərazidə baş verən böyük dəyişikliklərə beynəlxalq marağın göstəricisidir. Bu səfərlər eyni zamanda Füzulinin Azərbaycanla dost və qardaş ölkələr arasında əməkdaşlığın yeni platformalarından birinə çevrildiyini göstərir.
Bu gün Füzuliyə nəzər salarkən iki fərqli mənzərəni müqayisə etmək mümkündür. Bir tərəfdə işğal illərinin dağıntıları, viran qoyulmuş yaşayış məntəqələri, məhv edilmiş infrastruktur və tarixi irsə vurulmuş zərər dayanır. Digər tərəfdə isə yeni yollar, hava limanı, məktəblər, yaşayış kompleksləri, enerji və su infrastrukturu, müasir ictimai obyektlər və doğma torpaqlarına qayıdan insanlar var. Bu iki mənzərə arasındakı fərq Azərbaycanın Zəfərdən sonra həyata keçirdiyi böyük quruculuq siyasətinin mahiyyətini açıq şəkildə göstərir.
Füzuli həm də Azərbaycanın dövlətçilik iradəsinin simvollarından biridir. Çünki burada Zəfər yalnız hərbi meydanda qazanılmayıb. Füzulinin bərpası, minalardan təmizlənməsi, yeni infrastrukturun yaradılması və insanların geri qaytarılması da Zəfərin davamıdır. Torpağın azad edilməsi tarixi qələbənin bir mərhələsidirsə, həmin torpaqda təhlükəsiz, firavan və müasir həyatın qurulması onun məntiqi davamıdır.
Füzulinin gələcəyi bu gün artıq yalnız keçmişin xatirələri ilə deyil, yeni inkişaf perspektivləri ilə ölçülür. Yeni yaşayış məhəllələri, sosial obyektlər, kəndlərin bərpası, nəqliyyat əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı və iqtisadi potensialın yenidən işə salınması rayonun qarşıdakı illərdə Qarabağın mühüm inkişaf mərkəzlərindən birinə çevriləcəyinə əsas verir.
Füzuli nümunəsi bizə göstərir ki, Azərbaycan üçün Böyük Qayıdış sadəcə insanların fiziki olaraq doğma torpaqlara köçürülməsi deyil. Bu, həm də tarixi yaddaşın bərpası, milli-mədəni irsin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, yeni iqtisadi imkanların yaradılması və gələcək nəsillər üçün təhlükəsiz və firavan həyat mühitinin formalaşdırılması prosesidir.
Füzulinin deyəndə göz önünə Zəfər, Qayıdış və Dirçəliş gəlir. Zəfər Füzulini işğaldan azad etdi, Qayıdış şəhəri yenidən insanlarla doldurur, Dirçəliş isə onun gələcəyini formalaşdırır.
17 Oktyabrın mahiyyəti də məhz bundadır. Bu tarix yalnız 2020-ci ildə qazanılmış hərbi qələbənin ildönümü deyil. Bu gün Füzulinin yenidən Azərbaycan həyatının ayrılmaz və canlı parçasına çevrilməsinin rəmzidir. Füzulidə dalğalanan üçrəngli Azərbaycan bayrağı keçmişin ağrısını, bu günün Zəfərini və gələcəyin ümidini özündə birləşdirir.
Füzuli artıq işğalın və dağıntının simvolu deyil. Füzuli bu gün Azərbaycanın quruculuq iradəsinin, milli həmrəyliyinin, qəhrəman Ordusunun və Böyük Qayıdışın simvoludur. Şəhərin hər yeni binası, hər yeni yolu, hər açılan məktəbi və doğma yurduna qayıdan hər bir ailəsi 17 oktyabr 2020-ci ildə əldə edilmiş Zəfərin yaşadığını və gələcəyə doğru inamla davam etdiyini nümayiş etdirir.
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə Füzulinin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına minnətdarlığımızı bildiririk. Füzuliyə qayıdan hər bir soydaşımızın doğma torpağında qurduğu yeni həyat isə Zəfərimizin ən böyük nəticələrindən biridir.
