YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli şəhəri günü: Zəfərdən dirçəlişə

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, həmin tarixlər milli yaddaşımıza əbədi həkk olunaraq qürur, iftixar və yenilməzlik rəmzinə çevrilir. 17 Oktyabr – Füzuli şəhəri günü də xalqımızın qəhrəmanlıq salnaməsində belə əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan Ordusunun misilsiz rəşadətini, xalqımızın sarsılmaz iradəsini, milli birliyini və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin möhtəşəmliyini özündə əks etdirir.

Bu gün Füzuli təkcə azad edilmiş bir şəhər deyil, həm də Azərbaycanın gücünün, milli həmrəyliyinin, dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasının və Böyük Qayıdışın canlı təcəssümüdür.

Tarixi ədalətin bərpası – Füzulinin azadlığı

Füzuli rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, şəhər və rayonun yaşayış məntəqələri uzun illər ərzində ağır dağıntılara məruz qalmışdır. İşğal dövründə yaşayış evləri, sosial obyektlər, tarixi və dini abidələr dağıdılmış, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüşdür. Füzulinin taleyi bütövlükdə Azərbaycan xalqının üzləşdiyi işğal və məcburi köçkünlük faciəsinin ağrılı səhifələrindən birinə çevrilmişdi.

Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarının işğalı ilə barışmadı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, güclü ordu quruculuğu, ölkəmizin iqtisadi potensialının artırılması və milli birliyin möhkəmləndirilməsi gələcək Qələbəmizin əsaslarını yaratdı. 1994-cü ilin yanvarında həyata keçirilən hərbi əməliyyatlar nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsinin azad edilməsi də bu mübarizənin mühüm mərhələlərindən biri oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək düşmənin uzun illər ərzində qurduğu istehkamları yarıb keçdi.

Füzuli uğrunda döyüşlər Vətən müharibəsinin ən ağır və strateji baxımdan mühüm əməliyyatlarından biri idi. Otuz ilə yaxın müddətdə möhkəmləndirilmiş müdafiə xətləri, istehkamlar və mürəkkəb relyef Azərbaycan əsgərinin qarşısında ciddi maneələr yaradırdı. Ancaq xalqımızın igid oğulları Vətən sevgisini, döyüş əzmini və hərbi peşəkarlığını nümayiş etdirərək bu maneələri dəf etdilər.

2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin və bir sıra kəndlərin işğaldan azad edilməsi Azərbaycan Ordusunun tarixi uğurlarından biri oldu. Həmin gün Füzuli ilə yanaşı, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də azad edildi. Ümumilikdə, Vətən müharibəsi zamanı Füzuli rayonunun 62 yaşayış məntəqəsi işğaldan qurtarıldı.

Bu Qələbə yalnız bir şəhərin azad edilməsi demək deyildi. Füzuli əməliyyatı cənub istiqamətində hərbi-strateji üstünlüyün əldə olunmasına, sonrakı əməliyyatların uğurla davam etdirilməsinə və Zəfərə aparan yolun genişlənməsinə mühüm töhfə verdi.

Prezident İlham Əliyevin həmin gün xalqa çatdırdığı müjdə isə hər bir azərbaycanlının yaddaşında əbədi yaşayacaq: “Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”

Bu sözlər qələbə xəbərindən daha böyük məna daşıyırdı. Bu, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi, tarixi ədalətin bərpası və Azərbaycanın öz torpaqlarına sahib çıxmaq iradəsinin təntənəsi idi.

Məhz buna görə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabrın Füzuli şəhəri günü kimi təsis edilməsi milli yaddaşımıza və qəhrəmanlıq tariximizə verilən yüksək qiymətdir.

Füzuli Zəfərin və hərbi-strateji uğurun rəmzidir

Füzulinin azad edilməsi Azərbaycan Ordusunun müasir hərb tarixində mühüm hadisə kimi qiymətləndirilməlidir. Çünki düşmənin uzun müddət ərzində qurduğu müdafiə sisteminin yarılması yüksək hərbi hazırlıq, düzgün planlaşdırma, dəqiq koordinasiya və əsgərimizin misilsiz fədakarlığı hesabına mümkün oldu.

Bu uğur bir daha sübut etdi ki, Azərbaycan Ordusu yalnız müasir silah və texnologiyalara malik deyil, eyni zamanda, yüksək döyüş ruhuna, güclü mənəvi dayaqlara və Vətən uğrunda sonadək mübarizə aparmaq əzminə sahibdir.

Füzuli uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların fədakarlığı, qazilərimizin göstərdiyi şücaət və hər bir hərbçimizin əzmi Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir.

Bu gün Füzuli şəhərinin küçələrində dalğalanan üçrəngli bayrağımız hər bir şəhidimizin qanı, hər bir qazimizin fədakarlığı və Azərbaycan xalqının sarsılmaz iradəsi bahasına qazanılmış Qələbənin rəmzidir.

Qardaş Qazaxıstanın dəstəyi – Türk dünyasının həmrəyliyi

Füzulinin dirçəlişi Azərbaycanın beynəlxalq dostluq və qardaşlıq münasibətlərinin də əyani ifadəsidir. Bu baxımdan qardaş Qazaxıstan Respublikasının işğaldan azad edilmiş ərazilərimizin bərpasına verdiyi dəstək xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq türk kökləri, tarixi-mədəni bağlılıq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq birləşdirir. Müstəqillik illərində möhkəmlənən bu münasibətlər çətin məqamlarda nümayiş etdirilən həmrəyliklə daha da dərinləşir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi qardaş ölkənin Azərbaycana göstərdiyi dəstəyin konkret təzahürüdür. Bu layihə yalnız müasir təhsil və yaradıcılıq infrastrukturu yaratmaq baxımından deyil, həm də xalqlarımız arasındakı dostluğun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Belə təşəbbüslər göstərir ki, Türk dünyasının həmrəyliyi yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Bu həmrəylik azad edilmiş torpaqların yenidən qurulmasında, uşaqların gələcəyinə sərmayə qoyulmasında, mədəni əlaqələrin genişləndirilməsində və ortaq inkişaf məqsədlərinin reallaşdırılmasında özünü göstərir.

Qazaxıstanın Füzulidə həyata keçirdiyi bu layihə dostluğun, qardaşlığın və qarşılıqlı etimadın rəmzi olmaqla yanaşı, Böyük Qayıdış prosesinə də mənəvi və əməli töhfədir. Azərbaycan xalqı belə səmimi dəstəyi yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin Füzuliyə səfərləri – quruculuq strategiyasının təcəssümü

Füzulinin azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu şəhərə və rayonun yaşayış məntəqələrinə mütəmadi səfərləri dövlətimizin azad edilmiş torpaqların bərpasına verdiyi xüsusi əhəmiyyətin bariz nümunəsidir.

Dövlət başçısının səfərləri zamanı həyata keçirilən layihələrlə tanışlıq, yeni obyektlərin təməlinin qoyulması və mühüm infrastrukturun istifadəyə verilməsi Füzulinin gələcək inkişafının ardıcıl və məqsədyönlü şəkildə təmin olunduğunu göstərir.

26 oktyabr 2021-ci il tarixində Füzuli Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi quruculuq işlərinin ən mühüm hadisələrindən biri oldu. Cəmi səkkiz ay ərzində inşa edilən və “Qarabağın hava qapısı” adlandırılan bu hava limanı ölkəmizin iqtisadi və texniki imkanlarının, təşkilati potensialının və qısa müddətdə böyük layihələri reallaşdırmaq bacarığının göstəricisidir. Hava limanı Qarabağa beynəlxalq çıxış imkanlarını genişləndirir, nəqliyyat əlaqələrinin inkişafına, turizm və iqtisadi fəallığın artmasına xidmət edir.

10 may 2022-ci il tarixində Füzulidə Peşə Liseyinin təməlqoyma mərasiminin keçirilməsi şəhərin gələcək inkişafında insan kapitalına verilən önəmi göstərdi. Müasir peşə təhsili müəssisələrinin yaradılması gənclərin əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnməsinə, yeni iş imkanlarının formalaşmasına və regionun sosial-iqtisadi inkişafına xidmət edir.

26 may 2022-ci il tarixində Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq isə azad edilmiş ərazilərdə vahid nəqliyyat sisteminin yaradılmasının strateji əhəmiyyətini ortaya qoydu. Bu yol yalnız yaşayış məntəqələrini birləşdirmir, həm də bölgənin iqtisadi potensialının üzə çıxarılmasına, logistika imkanlarının genişlənməsinə və regional nəqliyyat əlaqələrinin güclənməsinə zəmin yaradır.

27 sentyabr 2022-ci il tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin ziyarət edilməsi şəhidlərimizin xatirəsinə göstərilən ehtiramın ifadəsi idi. Bu addım bir daha təsdiqləyir ki, Azərbaycan dövlətinin quruculuq siyasətinin təməlində Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə sədaqət dayanır.

7 noyabr 2022-ci il tarixində dövlət başçısının Füzuli rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olması da xüsusi əhəmiyyət daşıyırdı. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin, hərbi qulluqçuların xidmət və məişət şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətində prioritet olaraq qaldığını göstərir.

5 may 2023-cü il – Füzulinin gələcəyinə hesablanmış mühüm addımlar

Prezident İlham Əliyevin 05 may 2023-cü il tarixində Füzuliyə səfəri şəhərin və rayonun gələcək inkişafı baxımından mühüm hadisələrlə yadda qaldı.

Həmin gün Pirəhmədli və Dədəli kəndlərinin təməllərinin qoyulması, Füzuli–Hadrut avtomobil yolunun açılışı, Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq, şəhərin daxili yol-küçə şəbəkəsinin təməlinin qoyulması və digər layihələr Böyük Qayıdışın sistemli şəkildə həyata keçirildiyini nümayiş etdirdi.

Füzulidə müasir şəhər infrastrukturunun yaradılması üçün görülən işlər sırasında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin açılışı xüsusi yer tutur. Müasir enerji infrastrukturunun qurulması şəhərin etibarlı elektrik təchizatını təmin etməklə yanaşı, sənaye və xidmət sahələrinin inkişafı üçün də mühüm baza yaradır.

Həmin səfər zamanı 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanışlıq isə gələcəyimiz olan uşaqların keyfiyyətli təhsil almasına verilən diqqətin göstəricisi idi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə özbək xalqının hədiyyəsi olaraq inşa edilən bu məktəb Azərbaycan–Özbəkistan qardaşlığının rəmzlərindən biridir.

Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlinin qoyulması da müasir şəhərsalma baxımından mühüm addım idi. Çünki dayanıqlı yaşayış mühitinin yaradılması yalnız binaların tikilməsi ilə məhdudlaşmır. Bunun üçün etibarlı kommunal xidmətlər, ekoloji təhlükəsizlik, müasir mühəndis-kommunikasiya sistemləri və sakinlərin rahat yaşayışını təmin edən infrastruktur zəruridir.

Bütün bu layihələr Füzulinin gələcəkdə regionun inkişaf etmiş, müasir və yaşayış üçün əlverişli şəhərlərindən birinə çevrilməsinə hesablanıb.

Böyük Qayıdış – yeni həyatın başlanğıcı

Bu gün Füzulidə həyata keçirilən bərpa və quruculuq işləri Azərbaycanın postmüharibə dövründə müəyyən etdiyi strateji hədəflərin mühüm tərkib hissəsidir. Şəhərin yenidən qurulması, kəndlərin bərpası, yolların çəkilməsi, enerji və su təchizatının yaradılması, məktəb və digər sosial obyektlərin inşası insanların doğma torpaqlarına təhlükəsiz və layiqli qayıdışını təmin etməyə yönəlib.

2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışına başlanılması bu prosesin ən sevindirici mərhələlərindən biridir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələrin öz evlərinə qayıtması tarixi ədalətin bərpasının humanitar və mənəvi nəticəsidir.

Füzulidə yaradılan yeni yaşayış mühiti, müasir təhsil və sosial infrastruktur, nəqliyyat imkanları və iqtisadi inkişaf perspektivləri şəhərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Qarşıya qoyulan əsas məqsəd yalnız dağıdılmış şəhəri bərpa etmək deyil, həm də sakinlərin rahat, təhlükəsiz və firavan yaşayacağı müasir Füzuli qurmaqdır.

İnanıram ki, Füzuli qarşıdakı illərdə iqtisadi fəallığı, müasir şəhərsalma həlləri, təhsil və mədəniyyət imkanları ilə Azərbaycanın inkişaf edən şəhərləri sırasında layiqli yerini daha da möhkəmləndirəcək.

Füzuli Zəfərimizin əbədi rəmzidir

17 Oktyabr – Füzuli şəhəri günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu tarix bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlət, qüdrətli ordu və qətiyyətli liderlik qarşısında heç bir maneə dayana bilməz.

Füzulinin azad edilməsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzminin təntənəsi, dövlətimizin hərbi-siyasi qüdrətinin nümayişi və Böyük Qayıdışın başlanğıc nöqtələrindən biridir. Bu gün şəhərdə ucalan yeni binalar, çəkilən yollar, açılan məktəblər və fəaliyyətə başlayan infrastruktur obyektləri Zəfərin quruculuq mərhələsini əks etdirir.

YAP Ağdam rayon təşkilatının sədri olaraq hesab edirəm ki, Füzulinin keçdiyi yol bütövlükdə Qarabağın və Şərqi Zəngəzurun gələcəyini anlamaq üçün mühüm nümunədir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizi yenidən qurmaqla, insanlarımızın doğma yurdlarına qayıdışını təmin etməklə və müasir inkişaf imkanları yaratmaqla öz gücünü və məsuliyyətini nümayiş etdirir.

Bu tarixi Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində Füzuli yenidən dirçəlir.