Xəbərlər
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir.
Bu sözləri İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib.
O, ölkəsinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bildirib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr əsasən neft-qaz, qeyri-neft sektoru, sənaye sahələrini əhatə edir və İtaliya tərəfdaş ölkələrdə enerji sahəsində həyata keçirdiyi layihələri davam etdirmək niyyətindədir: “İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir və biz Azərbaycanın birinci müştərisiyik”.
M.Ceraçi son 10 ildə ölkəsinin bərpaolunan enerji sahəsindəki uğurlarından, həyata keçirdiyi layihələrdən danışaraq ölkəsinin elektrik enerjisinin 43 faizini alternativ mənbələr hesabına əldə etdiyini diqqətə çatdırıb. Bu sahədəki təcrübəsini Azərbaycanda bölüşməyə hazır olduğunu bildirən qonaq enerji effektivliyinin artırılması, enerjidən qənaətli istifadə sahəsində İtaliya şirkətlərinin Azərbaycana dəstək olacağını qeyd edib.