YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda toplantı keçirilmişdir

Aprelin 30-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Dünya Elm və İncəsənət Akademiyası tərəfindən “İnsan potensialının inkişafı üçün yeni paradiqmalar” mövzusunda toplantı keçirilmişdir.

Tədbirdə bəşəriyyətin inkişaf paradiqmalarında baş verən dəyişikliklər, yeni təkamül modellərinin yaranması, bəşəriyyətin qarşılaşdığı mürəkkəb məsələlərin həlli yolları, iqlim dəyişikliklərin həyata təsiri məsələləri müzakirə olunmuşdur.

Dünya Elm və İncəsənət Akademiyasının fəxri prezidenti İvo Şlaus müzakirə edilən mövzunun insanlıq üçün vacib olan məsələlərə həsr olunduğunu demişdir. İvo Şlaus demişdir ki, paradiqmalarda baş verən dəyişikliklər məsələsi bəşəriyyətin bundan sonra hansı istiqamətdə irəliləyəcəyini üzə çıxarmaq üçün vacibdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin müasir dövrün ən böyük dəyişikliyinin internet texnologiyalarının meydana çıxması olduğunu demişdir. O bildirmişdir ki, hazırda sürətlə yayılan mobil texnologiyalar insanların həyatında köklü dəyişikliklər yaradır, sərhədləri yox edir. Eyni zamanda, insanların həyatında, yaşam tərzində də dəyişikliklər baş verir. Müasir texnologiyalar yeniliklər təqdim etsə də, bəşəriyyətdə hələ də böyük problemlər mövcud olaraq qalır.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa dəyişikliklər paradiqmasından danışarkən qeyd etmişdir ki, bəşəriyyətin inkişafında həm sıçrayışlar, həm də təkamül yolu ilə baş verən inkişaf modelləri mövcud olmuşdur. Hazırda yeni paradiqmaların yaranmasında müəyyən ləngimələrin olduğunu deyən sabiq Prezident vurğulamışdır ki, elmin imkanları məhdud deyildir və yeni paradiqmalar meydana çıxdıqda onun hüdudlarının nə qədər geniş olduğunu görə bilərik. Xanım Vayra Vike-Frayberqa demişdir ki, insan ləyaqəti də paradiqmalardan biridir, lakin bu, hamı tərəfindən eyni şəkildə qəbul olunmur. Əgər bəşəriyyət daim yeni inkişaf paradiqmalarının yaranmasını istəyirsə, insanların qarşılıqlı hörmət şəraitində yaşamaları həyat normasına çevrilməlidir.

Dünya Elm və İncəsənət Akademiyasının icraçı direktoru Harri Yakobsun fikrincə, hazırda paradiqmalarda dəyişikliklər baş verir. O qeyd etmişdir ki, insanlar müasir dünyada iqlim dəyişiklikləri, iqtisadi böhran, işsizlik kimi problemlərlə qarşılaşırlar. Əsas məsələ də bu problemlərin həlli yollarının tapılmasıdır. Elə bir model yaradılmalıdır ki, onun köməyi ilə bəşəriyyətin əsas problemlərini həll etmək mümkün olsun.

Sonra toplantıda Beynəlxalq Avropa Hərəkatının baş katibi Dioqo Pinto, Dünya Elm və İncəsənət Akademiyasının prezidenti Heytor Qurqulino de Souza, Roma Klubunun rəhbərlərindən biri Ernst von Vayzsaker və başqaları çıxış etmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.