Xəbərlər
YAP Gənclər Birliyinin sədr müavini Ukrayna və Moldovaya səfər edəcək
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Beynəlxalq əlaqələr Komissiyasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov 24 – 28 sentyabr 2014-cü il tarixlərində Ukraynanın paytaxtı Kiyevdə və Moldovanın paytaxtı Kişinyovda rəsmi səfərdə olacaqdır.
Belə ki, qeyd olunan tarixlərdə Kiyevdə Avropa Demokrat Gənclər İcmasının (DEMYC) təşkilatçılığı ilə “Avropada hazırki təhlükəsizlik problemləri” mövzusunda konfrans, Kişinyovda isə Avropalı Demokrat Tələbələr Təşkilatının (EDS) təşkilatçılığı ilə 2014-2015-ci illər üçün I Şura İclası keçiriləcəkdir. Kiyevdə Avropa Demokrat Gənclər İcmasının (DEMYC) keçirəcəyi konfransda Avropada yeni yaranmış təhlükəsizlik problemləri və Ukraynadakı hazırki vəziyyət müzakirə ediləcəkdir. Kişinyovda Avropalı Demokrat Tələbələr Təşkilatının (EDS) təşkilatçılığı ilə baş tutacaq Şura üzvlərindən ibarət iclasda isə ”Gənclər Avropa üçün dəyişiklər yaradır” (Youth Creates Changes for Europe”) adlı mövzu ətrafında fikir mübadiləsi aparılacaqdır. Burada müxtəlif ölkələrdən olan Şura üzvləri təmsil etdikləri ölkələrdəki siyasi modellər barədə təqdimatlar edəcəklər.
Qeyd edək ki, Avropa Demokrat Gənclər İcması (DEMYC) və Avropalı Demokrat Tələbələr Təşkilatı (EDS) Avropanın nüfuzlu gənclər təşkilatlarından olub, müxtəlif ölkələrin gənclər birlikləri ilə əməkdaşlıq edirlər.